Azərbaycan Laçında şəhərsalmanın müasir təcrübəsini təqdim edir- ÖZƏL
25 Avqust 2025 10:44 Siyasət"Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. 2022-ci ilin 26 avqust tarixində dövlət başçısı İlham Əliyev "Twitter" səhibəsində belə bir müjdəni paylaşdı: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!" Avqustun 26-da xalqımızla bu sevinci bölüşən Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabr ayında Laçın rayonuna səfər etdi, şəhərin mərkəzində qalibiyyət rəmzi olan Azərbaycan Bayrağını ucaltdı". Olaylar xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bunun bariz nümunəsi laçınlıların mərhələ-mərhələ bu torpağa qayıtmasıdır. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 2023-cü il 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa müddətdə belə bir qürurverici hadisənin yaşanması dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Reallıq budur ki, Azərbaycan dünyaya təkmil dirçəliş modelini, şəhərsalmanın müasir təcrübəsini təqdim edir.
Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı dalğalanır. Artıq bütün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Bərpa-quruculuq işlərinin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Bu gün Laçın rayonunun timsalında bütün azad edilmiş torpaqlarımızda bərpa- quruculuq işləri barədə aydın təsəvvür yaranır".