Üçlü görüş Xəzər hövzəsində geosiyasi reallığı dəyişdi- ÖZƏL

"Avqustun 22-də Türkmənbaşı şəhərindəki üçlü Zirvə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təklifi ilə keçirilsə də, indiki dönəmdə ən uğurlu əməkdaşlıq modeli sayılan minilateralizm təşəbbüsünü dost və bizlə eyni kökdən olanlara yanaşmada ilk irəli sürən də, reallaşdıran da məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Və bu yöndə ən uğurlu addımlar məhz ikinci Qarabağ savaşında  əldə etdiyimiz zəfərdən sonra atılmağa başladı ki, bu da təsadüfi deyil. Çünki bu zəfər Güney Qafqazla yanaşı bütövlükdə Xəzər hövzəsində geosiyasi reallığı dəyişdi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: " Nəticədə 2022-ci ilin dekabrında məhz bu üçlü görüşün baş tutduğu Avazada Azərbaycan-Türkiyə-Türkmənistan, 2024-cü ilin noyabrında isə Bakıda Azərbaycan-Özbəkistan-Qazaxıstan Zirvəsi keçirildi. Bütün bu üçlü görüşlərdə gündəlikdə diqqət mərkəzində nəqliyyat-logistika əməkdaşlığı və Xəzər dənizi üzərindən belə demək mümkünsə, Mərkəzi Asiya-Azərbaycan enerji körpüsünün tikintisi olsa da, burada qardaş dövlətlər arasında müttəfiqlik bağlarının yaradılması və yaxud da möhkəmləndirilməsi ön plandadır.
Yəni əslində bu üçlü görüş Laçın və Xankəndindəki builki sammitlərin bir növ davamıdır. Ona görə davamıdır ki, Türkmənbaşı Zirvəsi də, Azərbaycanın yaratdığı geosiyasi reallığın dəyişdirilməsinin mümkünsüzlüyünü ortaya qoyur. 
Türk birliyinə nisbətən fərqli yanaşması olan Türkmənistan bu gün belə bir minilateralist əməkdaşlıq modelinin təşəbbüskarlığını öz üzərinə götürməklə, Füzulidə məscid tikdirəcəyini bildirməklə sadəcə işğaldan azad olunan torpaqlarda gedən quruculuq prosesinə öz töhfəsini vermir, həm də digər qardaş dövlətlərlə birgə Azərbaycanın regionda yaratdığı geosiyasi reallığı dəstəklədiyini sərgiləmiş olur. Ozü də bu reallığı həzm etməyən bəzi imperiya mərəzindən qurtula bilməyənlərin ölkəmizə qarşı hədə və təzyiqlərini intensivləşdirdikləri bir vaxtda bu baş verir. 
Və belədə böyük türkmən şairi Məxdumqulu Fəraqinin bir şeri yada düşür. Həmən şerində o, nə deyirdi bilirsinizmi? Deyirdi ki, Türkmənlər bağlasa bir yerə beli, Qurudar Xəzəri, dəryayi-Nili!  İnformasiyalı adamlar bilirlər ki, onun bu iki misrasında heç bir təşbeh yoxdur, sadəcə tarixdə baş verənlərin təsbiti var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31