Norveç nəşrində Cənubi Qafqazda sülh prosesi ilə bağlı məqalə dərc edildi
23 Avqust 22:44 SiyasətNorveçin "Utrop" nəşrində Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Cənubi Qafqazda sülh prosesinə həsr olunmuş məqaləsi dərc edilib.
Diplomat məqalədə norveçli yazıçı Terye Holmedalin təxminən iyirmi il əvvəl yazdığı "Mən bacaracağam" kitabına istinad edir. Kitabda Birinci Qarabağ müharibəsi zamanı evini tərk etməyə məcbur olan və təhsil almaq imkanından məhrum olan cəbrayıllı Lalə adlı qız haqqında bəhs edilir.
Z.Əhmədov yazır ki, bu gün Lalə və bir çox digər azərbaycanlı məcburi köçkünlər nəhayət ki, onilliklər ərzində xarabalığa çevrilmiş doğma kəndlərinə qayıtmaq şansı əldə ediblər. Sakinlərin qayıdışı ilə kəndlərdə həyat canlanır, uzun müddət qeyri-sabitlik yuvası sayılan region isə sülhün ümid məkanına çevrilir.
Məqalədə bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş tarixi sazişə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərdə yeni dövr açan Birgə Bəyannamə imzalayıblar.
Razılaşmaların əsas bəndi nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən Naxçıvanla birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) (Trump Route for International Peace and Prosperity) (TRIPP) layihəsinin açılması olub. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təşəbbüsünün mühüm həlqəsinə çevriləcək.
Səfirin fikrincə, Cənubi Qafqazda sabitlik təkcə region ölkələrinə deyil, həm də Avropaya, o cümlədən Norveçə də fayda gətirəcək. Skandinaviya ölkələri inteqrasiya və sülhməramlı təcrübələri ilə etimadın möhkəmlənməsinə və əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər.
Sonda diplomat vurğulayır ki, Lalənin hekayəsi sülh prosesinin insani ölçüsünü xatırladır: hər bir razılaşmanın arxasında Vətənə qayıtmaq və yeni həyata başlamaq arzusunda olan insanlar dayanır.
"Cənubi Qafqaz üçün bu, yeni başlanğıcdır. Norveç üçün bu, növbəti fəslin yazılmasında kömək etmək dəvətidir", - deyə müəllif sonda qeyd edir.//AZƏRTAC