Prezident İlham Əliyev: Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək (TAM BƏYANAT)

Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək.

Olaylar xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

İlk növbədə, qardaşım Qurbanqulu Məlikquliyeviçə dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.

Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.

Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.

Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.

Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir.

Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur.

Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun. Sağ olun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31