Kəlbəcərdə tarixi mesaj: Güc, quruculuq və suverenlik - ÖZƏL

"Prezident İlham Əliyev Kəlbəcərdən təkcə milli deyil, həm də qlobal əhəmiyyətli mesajlar verdi. Hər şeydən öncə, prezident Kəlbəcərə qayıdışın əhəmiyyətini vurğuladı və xüsusi olaraq qeyd etdi ki, Kəlbəcərdə inşa olunan evlər və ümumiyyətlə, quruculuq işləri İsveçrədə olduğu kimi aparılır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Yəni, bütün dünya İsveçrəni yüksək həyat səviyyəsi ilə tanıyır; Kəlbəcərdə də məhz belə bir şərait qurulur, arxitektura və memarlıq baxımından İsveçrədəki vəziyyət Kəlbəcərdə təkrarlanacaq. Bu, həm yaxşı göstəricidir, həm də Azərbaycanın dünyaya mesaj verməsi kimi qəbul edilə bilər: işğaldan azad etdiyimiz ərazilərdə nələr etdiyimizi görün və ermənilərin etdikləri ilə müqayisə edin.

Digər tərəfdən, Azərbaycan Prezidenti Kəlbəcər sakinləri ilə görüşdə Azərbaycanın üzərinə gələn və gəlmək istəyən qüvvələrə də öz mövqeyini çatdırdı. Yəni, əgər deyəcəyiniz varsa, biz də cavabımızı verəcəyik; Azərbaycan həmişə müharibəyə hazırdır və gərək olduqda özünü və dövlətini qoruyacaq.

Bu baxımdan, son vaxtlar xüsusilə Rusiya və İran tərəfindən səsləndirilən anti-Azərbaycan ritorikası, təcavüzkar çağırışlar və hətta ölkəmizə hücum çağırışları nəzərə alınarsa, bu mesajın verilməsi zəruridir. Mən hesab edirəm ki, rusların və ermənilərin birlikdə 30 ilə yaxın işğal altında saxladığı Kəlbəcərdən bu mesajın verilməsi tam yerinə düşür. Beləliklə, həm Rusiya, həm İran, həm də işğalın arxasında duran digər dünya ölkələri öz payını almalıdır. Azərbaycan bundan sonra heç kimin təzyiqi qarşısında geri çəkilmək niyyətində deyil."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31