“Türkmənistan Qarabağın bərpasında iştirak edə bilər” – ÖZƏL

"Türkmənistan və Azərbaycan arasında, xüsusilə də son zamanlarda həm ikitərəfli münasibətlər müstəvisində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələr sürətlə inkişaf edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, həm Türkmənistan, həm də Azərbaycan yüksək enerji resurslarına malikdir və bu sahədə qarşılıqlı əməkdaşlığın, eləcə də mədəniyyət sahəsində tərəfdaşlığın gələcək inkişafı üçün böyük perspektivlər mövcuddur. Çünki Türkmənistan və Azərbaycan ortaq mədəniyyətə, türk kimliyinə sahibdirlər. Bu amil ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Siyasi şərhçi qeyd edib ki, enerji sahəsində əməkdaşlıq məsələsinə Türkmənistan xüsusi önəm verir. Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı dövlət başçımız İlham Əliyevlə görüşündə də məhz bu mövzu xüsusi olaraq vurğulanmışdır. Rəsmi Aşqabad üçün Bakı ilə enerji əməkdaşlığının inkişafı əsas hədəflərdən biridir.

Z. Əmrəliyev vurğulayıb ki, Türkmənistan Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma və bərpa işlərinə də böyük maraq göstərir. Heç təsadüfi deyil ki, Qurbanqulu Berdiməhəmmədov səfəri çərçivəsində işğaldan azad olunmuş bölgələrə də baş çəkmiş, orada mühüm tədbirlərdə iştirak etmişdir. Böyük ehtimalla, Türkmənistan bu yenidənqurma prosesində fəal şəkildə iştirak edəcək və dəstək göstərəcək. Türkmənistan şəhərsalma və memarlıq sahəsində geniş təcrübəyə malikdir. Məlum olduğu kimi, bu ölkədə dünyada bənzəri olmayan çox möhtəşəm şəhərsalma kompleksləri həyata keçirilmişdir. Bu baxımdan, Türkmənistanın Qarabağda aparılan yenidənqurma və bərpa işlərinə qoşulması gözlənilir.

"Əsas məsələlərdən biri kimi enerji sektorunda əməkdaşlıq xüsusi yer tutur və bu istiqamətdə müzakirələrin davam edəcəyi şübhəsizdir. Bakı-Aşqabad münasibətlərində atılan addımlar isə Türkmənistanın Türk Dövlətləri Təşkilatına inteqrasiyası və bu təşkilatın daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır," - deyə siyasi şərhçi sonda əlavə edib. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31