“Prezidentin Kəlbəcər səfəri Azərbaycanın gücünü və xarici siyasət vizyonunu nümayiş etdirir” – ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə səfəri, səfər çərçivəsində verdiyi açıqlamalar, xüsusən də region və qlobal məsələlərdə cənab Prezidentin tutduğu mövqe, Azərbaycanın xarici siyasət vizyonunun vurğulanması diqqət çəkir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, xüsusən də işğaldan sonrakı, postmünaqişə dövründə yaranmış vəziyyət, Azərbaycanın həm regionda, həm də qlobal proseslərdə oynadığı rol və təsiri ilə bağlı məsələlərə toxunması, həm ictimaiyyətə, həm də beynəlxalq aləmə verilən mühüm bir mesaj kimi dəyərləndirilə bilər.

Siyasi şərhçi vurğulayıb ki, müharibə dövründə və postmüharibə mərhələsində Azərbaycana qarşı bir sıra qüvvələr tərəfindən təxribatlar olmuşdur. Hətta Azərbaycanın bu müharibədə qalib olmasının qarşısını almaq üçün ciddi addımlar atılmışdır. Lakin bu cəhdlər nəticə vermədi, çünki Azərbaycan dövləti artıq bu kimi məsələlərin qarşısını ala biləcək qədər hazırlıqlı idi və əldə edilən uğurları uğurla tamamladı.

S. Hümbətov qeyd edib ki, əslində, Kəlbəcərin bərpası və inkişafı fonunda mövcud vəziyyəti dəyərləndirərkən, diqqətə çatdırılmalı birinci məsələ Qarabağ regionudur. Xüsusilə də Kəlbəcər, Laçın və digər Qarabağın ən strateji bölgələrində görülən işlərin əhəmiyyəti, bu ərazilərin strateji mövqeyi, Kəlbəcərə gedən yolların yenidən qurulması, Laçında inşa edilən hava limanı və digər infrastruktur layihələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə göstərdiyi xüsusi həssaslığı bir daha nümayiş etdirir.
Diqqət çəkən mühüm məsələlərdən biri də Qarabağ bölgəsinin turistik mərkəzə çevrilməsi istiqamətində atılan addımlardır. Məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması məsələsi də bu siyasətin əsas istiqamətlərindəndir. Bütün bunlar Azərbaycan dövlətinin prioritetləri sırasında yer alır.

Siyasi şərhçinin sözlərinə görə, dövlət bu addımları atmaqla həm daxili qüvvələrə, həm də xarici tərəfdaşlara ciddi bir mesaj verir ki, Azərbaycan dövlətinin, xüsusən də cənab Prezidentin prinsipial mövqeyi aydındır və dəyişməzdir. Azərbaycanın bu sahədə gördüyü işlər dövlətin və dövlətçiliyin qorunması, xalqın rifahına xidmət edilməsi istiqamətindədir.
Yəni, cənab Prezidentin Qarabağa etdiyi səfərlərin arxasında da məhz bu məqsədlər dayanır və görülən işlər Azərbaycanın gücünü, iradəsini və gələcəyə yönəlik vizyonunu nümayiş etdirir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31