Cənnət guşəsi Laçın şəhəri əbədi yurdumuz olaraq qalacaq- ÖZƏL
22 Avqust 2025 13:02 Siyasət"Azərbaycan müstəqil siyasət aparmaqla beynəlxalq hüquq çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yolundayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən hesab edilir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputat, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Rayonun ermənilər tərəfindən dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. Artıq məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da müşahidə edirik. Belə ki, Laçına yüzlərlə ailə köçürülüb, xeyli iş yerləri açılıb. Bu proses uğurla davam etməkdədir. 26 avqust tariximizdə hər zaman Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız qısa müddətdə bərpa olunacaq və daimi sakinlərinin yurd yerinə çevriləcək. Cənnət guşəsi olan Laçın şəhəri də əbədi yurdumuz olaraq qalacaq".