Laçın özünün yeni dövrünü yaşayır- ÖZƏL
22 Avqust 12:30 Siyasət"2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və ərazilərimizi boşaltmağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir". Olaylar xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib:
"30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünü yaşayır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna 8 dəfə səfər edib. İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrası əsas görülən işlər sırasındadır. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. 2025-ci ildə Laçın rayonunun Zerti kəndində "Laçın" İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan "Laçın" İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir".