Dövlət başçımızın Ağ ev haqda dedikləri reallığın dəqiq təsbitidir- ÖZƏL

"Cənab İlham Əliyev Kəlbəcərə ilk dönənlərlə görüşdə həm Vaşinqton danışıqlarının bizim üçün nədən əhəmiyyətli olduğuna tam aydınlıq gətirdi, həm də bu danısıqlardan, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh yönündə önəmli addımlar atılmasından narazılıqlarını heç cür gizlətmək istəməyənlərə qatarın artıq getdiyini göstərdi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Qatarın artıq getdiyi, bəlli məqsədlərlə Ermənistana  5-6 milyard dollarlıq silah-sursat ötürənlərin keçmişi geri qaytarmalarının mümkünsüzlüyü onun bu açıqlamasında vurğulanır: "Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu".
Diqqət yetirmisinizsə, Cənab Prezident ikinci dəfədir Ağ Evi dünyanın bir nömrəli ofisi adlandırır ki, bu da səbəbsiz deyil. Eyni zamanda burada birilərinin Trampa "O vaxt ABŞ-yə Siz prezidentlik etsə idiniz , Rusiya-Ukrayna savaşı baş verməzdi" sözlərindən fərqli olaraq nə difiramba var, nə də yalan. Dövlət başçımızın Ağ Ev haqda  dedikləri bəziləri üçün acı reallığın dəqiq təsbitidir. Və onlara xatırlatmaqdır ki, hədə- təzyiqlə özünüzün regiondakı mövqelərinizə sarsıdıcı zərbə vurmaqdan başqa nəsə əldə edə bilməyəcəksiniz. Həm də ona görə ki, dünyanın bir nömrəli ofisi bizim Qafqazda  yaratdığımız yeni geosiyasi vəziyyətlə tam razılaşıb və onu dəstəkləyir. 
Azərbaycana qarşı son zamanlar azğıncasına davrananlar əgər bunu görməzdən gələcəklərsə, regionu qarışdırmağa qalxacaqlarsa, onda Kəlbəcərdə edilən bu xəbardarlıq da göstərir ki, elə cənab İlham Əliyevin özünün əvvəllər dediyi kimi biz bütün ssenarilərə hazırıq: "Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31