Laçın Hava Limanı: Turizm, logistika və tranzit imkanları – ÖZƏL

"Geosiyasi və iqtisadi baxımdan Qarabağ zonasında açılan bütün hava limanları təbii ki, nəqliyyatı asanlaşdırmaqla yanaşı, həm də həmin ərazilərin geosiyasi əhəmiyyətini artırır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, iqtisadi baxımdan da artımlar müşahidə olunur. Çünki baş verən proseslərdə, ilk növbədə, ora gələn xarici qonaqların, həmçinin həmin bölgədə fəaliyyət göstərəcək şirkətlərin birbaşa nəqliyyat imkanına malik olması böyük əhəmiyyət kəsb edir. 

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda, logistika baxımından malların daşınması, gələcəkdə Zəngəzur yolunun açılması və digər faktorlar hava limanlarının fəaliyyətini daha da önəmli edir. Hazırkı şəraitdə həm də yük təyyarələrinin bölgəyə daxil olması həmin ərazinin inkişafına təkan verir. Bu, həm turizmin inkişafına, həm də infrastrukturun genişlənməsinə şərait yaradacaq, layihələrin artmasına və daşımaların daha rahat həyata keçirilməsinə imkan verəcək. Buna görə də bu gün Azərbaycanın həmin bölgələrdə hava limanları açması böyük uğurdur, mühüm nəticədir. 

R. Məmmədovanın sözlərinə görə, bu proses getdikcə, bölgənin dağıntılardan qurtulub normal yaşayış səviyyəsinə çatdırılması baxımından çox önəmli bir hadisədir. Laçında daha çox xarici şirkətlərin çalışması da məlumdur və bu şirkətlərin mal daşınması, onların işlərinin təşkili, insanların bölgəyə gediş-gəlişi getdikcə artacaq. Bu da həmin ərazilərin infrastrukturunda böyük tələbatın yaranmasına səbəb olacaq. Bu baxımdan hava limanlarının mövcudluğu çox vacibdir.

"Qarabağ geosiyasi mövqeyinə görə Türkiyə və İrana yaxın olduğundan bəzi hallarda bu hava limanlarından tranzit məqsədilə də istifadə etmək mümkün olacaq," - deyə siyasi şərhçi əlavə edib. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31