Trampın iddiası müzakirəyə səbəb oldu - Siyahıda Azərbaycan da var
16:45 SiyasətABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh və müharibəni dayandırmaq səyləri fonunda yeddi beynəlxalq münaqişəni uğurla həll etdiyini iddia edib.
Olaylar.az xəbər verir ki, "Fox News"a müsahibəsində Tramp son yeddi ayda münaqişəni həll etdiyini deyib.
Ağ Evin sözçüsü Kerolayn Levitt Trampın səsləndirdiyi rəqəmi təsdiqləyib, amma analitiklər ABŞ prezidentinin bu məsələlərin bəzilərinə təsirinin dərəcəsini şübhə altına alıblar, digərlərində isə vəziyyət qeyri-sabit olaraq qalır.
"Washington Post" Trampın həllinə kömək etdiyini iddia etdiyi yeddi münaqişə ilə bağlı vəziyyətdən yazıb:
Ermənistan - Azərbaycan
Ermənistan və Azərbaycan liderləri bu ay Ağ Evdə sülh sazişi üzrə və strateji tranzit dəhlizi ətrafında əməkdaşlığı ehtiva edən sənədlər imzalayıblar.
Azərbaycan ərazi iddialarını özündə ehtiva edən Ermənistan Konstitusiyasına düzəlişlər tələb etməklə yanaşı, sazişin formal sülh müqaviləsi olmadığını bildirir.
Tramp sazişi 35 illik münaqişəyə son qoyulması kimi qiymətləndirib və özünün "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" adlandırdığı yolu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən və regionda güc balansını yenidən formalaşdıra biləcək nəqliyyat dəhlizini alqışlayıb. Çünki Birləşmiş Ştatlar burada müstəsna hüquqlar əldə edib.
Bundan sonra İran Prezidenti Məsud Pezeşkian sazişdən narahatlığını ifadə edərək, Amerika şirkətlərinin ölkəsinin şimal sərhədlərinə yaxınlaşmasına qarşı xəbərdarlıq edib.
Konqo Demokratik Respublikası - Ruanda
Konqo və Ruanda liderləri iyunun 27-də Ağ Evdə təhlükəsizlik koordinasiya mexanizmini, silahlı qrupların maliyyələşdirilməsinin dayandırılmasını və qaçqınların geri qayıtmasının asanlaşdırılmasını ehtiva edən saziş imzalayıblar .
Tramp sazişi "sülh üçün qələbə" kimi qiymətləndirib. Bununla belə, analitiklər deyirlər ki, münaqişənin əsas aktoru olan "23 Mart" qrupu sazişdə iştirak etməyib və fəallığını davam etdirir və bunun effektivliyi ilə bağlı suallar yaradır.
Müqavilə ABŞ-nin mineral ehtiyatlara potensial investisiyalarını ehtiva edir və bəziləri bunu "əvvəlcə iqtisadi razılaşma, sonra sülh" kimi təsvir edir.
Serbiya - Kosovo
1990-cı illərdən bəri tərəflər arasında birbaşa toqquşma olmayıb, amma Kosovo prezidenti bildirib ki, onun ölkəsi Trampın müdaxiləsi sayəsində may ayında Serbiyanın potensial hücumunun qarşısını alıb, Serbiya isə bunu rədd edib.
Misir - Efiopiya
Ağ Ev Misir və Efiopiya arasında su mübahisəsi ilə bağlı barışıq elan edib, baxmayaraq ki, tərəflər arasında razılaşma yoxdur. Tramp ilk prezidentliyi dövründə vasitəçilik etməyə cəhd göstərsə də, danışıqlar uğursuz olub və onun ikinci dövründə danışıqların nə dərəcədə canlandırıldığı bəlli deyil. Amma analitiklərin fikrincə, gərginlik qismən son vaxtlar yağan bol yağışlar səbəbindən azalıb.
Hindistan - Pakistan
İki ölkə 10 günlük eskalasiyadan sonra mayın 10-da atəşkəs elan edib, Tramp qarşılıqlı gərginliyi dayandırdığını deyib. Pakistan Trampı sülhməramlı roluna görə alqışlasa da, Dehli ABŞ-nin hər hansı rolunu rədd edərək Amerika lideri və Hindistan Baş nazir Narendra Modi arasında münasibətləri gərginləşdirdi.
Tailand - Kamboca
İyulun 24-də Tailand Kambocaya hava zərbələri endirərək, uzun müddət davam edən sərhəd münaqişəsini qızışdırıb, ardınca artilleriya toqquşmaları və minlərlə mülki insan didərgin düşüb. Ardınca Tramp əməliyyatlar dayanmasa, iki ölkə ilə ticarət danışıqlarını dayandıracağı ilə hədələyib və iyulun 28-də atəşkəs elan edilib.
İsrail - İran
İsrail və İran arasında 12 günlük müharibədən sonra, İsrailin zərbələri və ABŞ-nin İranın nüvə obyektlərinə hücumları da daxil olmaqla, Trampın müdaxiləsi ilə atəşkəs əldə edilib. Bu münaqişə başlamazdan əvvəl Tramp İranla yeni nüvə sazişi imzalamağa çalışıb, amma o, Tehrana yeni zərbələr endirmək təhdidlərindən əl çəkməyib. (teleqraf)