Fransanın yeni səfiri Sofi Laqut: Münasibətlərdə yeni səhifə açıla bilərmi? - ÖZƏL
16:20 SiyasətFransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut təyin olunub. Laqutdan gözlənti odur ki, Bakı-Paris münasibətlərinin normallaşmasında rol oynasın. Çünki Makron hökumətinin ermənipərəst siyasəti iki ölkə arasında uzunmüddətli böhran yaradıb. Əvvəlki səfir Ann Buayonun Qarabağa səfəri separatçıların reaksiyasına səbəb olmuş, onun geri çağırılması isə Fransa Milli Assambleyasındakı anti-Azərbaycan qərar layihəsi ilə eyni vaxta düşmüşdü. Digər tərəfdən, Azərbaycan son illər Fransanın müstəmləkəçilik siyasətini beynəlxalq platformalarda sərt tənqid edir ki, bu da Parisdə narazılıq doğurur.
Yeni səfir Sofi Laqutun təyin olunması Bakı-Paris münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər? Fransa-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün hansı addımların atılması zəruridir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Azərbaycanın Avropa məkanı ilə münasibətlərinin genişlənməsi və inkişafında Fransa ilə münasibətlər bir qayda olaraq xüsusi əhəmiyyət kəsb edib, zira Fransa Almaniya ilə bahəm Avropa Birliyinin xarici siyasətinin məyyən edilməsində xüsusi çəki və imkanlara malik olub, lakin Fransa ilə ikitərəfli münasibətlərinin məzmun və formatına bir qayda olaraq rəsmi Parisin Ermənistanla münasibətləri, Qarabağ probleminin həllində onun ermənipərəst mövqeyi uzun müddət mane olub və ciddi təsir göstərib. Bu da Avropada erməni diasporasının ən mütəşəkkil və maliyyə baxımından güclu qolunun məhz Fransada fəaliyyət göstərməsi və onun Yelisey sarayının regionla bağlı siyasətinə təsir imkanları ilə bağlı olub. Məhz buna görə də, Ümumimilli Lider Heydər Əliyev, habelə Prezident İlham Əliyev Avropa məkanına ilk xarici səfərlərini Fransadan başlayıblar.
Səfirlər təmsil etdikləri dövlətlərin ezam olunduqları ölkələrdə rəsmi təmsilçiləri və hakim siyasi elitanın müəyyən etdiyi xarici siyasi kursun həyata keçirilməsinə məsul diplomatlardırlar. Bu mənada Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqutun bu vəzifədə tərəflər arasında münasibətlərdə hər hansı kardinal addımlar atacağını düşünmürük. O, səfir olaraq Fransanın regionla bağlı xarici siyasi kursunun həyata keçirilməsinə, onun maraqlarının qorunmasına məsuldur və vəzifəsinə başlamazdan əvvəl sələfi, səfir Ann Buayonun fəaliyyətini davam etdirəcəyindən fəxarət duyacağını bəyan edib. Bu isə Fransanın Azərbaycanla bağlı siyasətinin səfir Ann Buayonun dövründə olacağı kimi davam etdiriləcəyini deməyə əsas verir. Digər tərəfdən tərəflər arasındakı münasibətlərdə böhran prezident Makronun iqtidarı dövründə baş vermişdir. Makron isə hələ 2 il Fransa prezidenti vəzifəsində qalacaq. Bununla belə rəsmi Paris Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında perspektivdə rol oynaya biləcək Vaşinqton razılaşmasının şərtlərini nəzərə almaya bilməz, baxmayaraq ki, prezident Makron ABŞ prezidentinin Ukrayna probleminin həlli ilə bağlı vasitəçilik təkliflərindən məmnun deyil, zira o müharibənin davam etdirilməsi üçün Britaniyalı həmkarı Starmer ilə prezident Putinin böhrandan çıxmaq üçün irəli sürdüyü təkliflərə Zelinskini qəbul etməməyə çağırır. Digər tərəfdən Makron qlobalist dairələrin geosiyasi gedişlərini müəyyənləşdirən Rotşildlər klanının təmsilçisidir, Tramp isə antiqlobalist mövqelərdə dayanır. Bununla belə Vaşinqton razılıqları bəzi ekspertlərə görə, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının məhdudlaşmasına təsir göstərə bilər. Bu mənada Yelisey sarayı rəsmi Bakının qlobalistlərin müəyyən etdiyi tərəfdə yer almasında maraqlı olduğundan istisna deyil ki, Bakı ilə münasibətlərdə mülayimləşmə olsun, lakin bu zaman rəsmi Paris özünün gedişlərini bizim Ermənistanla perspektiv münasibətlərimizin prizmasından asılı olaraq edəcək. Halbuki Makronun indiyədək Azərbaycanla bağlı siyasəti Fransadan daha çox Ermənistanın maraqlarına cavab verib. Çünki Azərbaycanda Fransanın 200 dən çox şirkəti işləyir, Beynəlxalq Neft Konsorsiumunda Fransanın ən iri yanacaq şirkətlərindən biri olan Total təmsil olunub, o isə vergi ödəyicisi olan şirkətlərdən biridir. Bir sözlə dediyimiz arqumentlərə görə , Yelisey sarayı Azərbaycanla münasibətlərin formatına kosmopolit xarakterli gedişlər etmək üçün yeni səfirə fəaliyyət azadlığı verə bilər".
Zeynəb Mustafazadə