“İddiaların tam bitməsi üçün sülh müqaviləsi vacibdir” – ŞƏRH – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib ki, Qarabağ məsələsi artıq Vaşinqton razılaşması ilə birdəfəlik bağlanıb. O, xatırladıb ki, hələ 2025-ci ilin martında parlamentdə bu mövqeyini açıq şəkildə bəyan edib və vurğulayıb: əgər xalq bununla razı deyilsəydi, inqilaba qalxardı, lakin cəmiyyət sülhün yalnız bu yolla mümkün olduğunu anladı. Paşinyan qeyd edib ki, Qarabağ mövzusu uzun illər Ermənistanın müstəqilliyinin qarşısını almaq üçün siyasi alət kimi istifadə olunub.
Baş nazir Qarabağı tərk edən erməni əsilli şəxslərin geri dönüşünü qeyri-real və sülh üçün təhlükəli sayıb, onların Ermənistanda inteqrasiyasının təmin ediləcəyini vurğulayıb. Bununla Paşinyan həm "etnik təmizləmə" iddialarını təkzib edib, həm də revanşist dairələrin mövqeyinə zidd açıqlama verib.

Maraqlıdır, Qərb bundan sonra da Azərbaycana qarşı "etnik təmizləmə" ittihamını davam etdirəcək? Azərbaycana qarşı əsassız iddialar, çaığırışlar bitəcəkmi?

"Ermənistanla Azərbaycan arasında bütün məsələlər həll olunmayıb, bu çağırışların, iddiaların tamamilə başa çatacağını düşünmək ən azından sadəlövhlük olardı. Hətta yekun müqavilə imzalansa belə, bu, ermənilərin iddialarından dərhal əl çəkəcəklərini göstərmir. Sadəcə olaraq, müəyyən məsələlər artıq hüquqi çərçivəyə salınacağı üçün bir çox iddialardan və əsassız bəhanələrdən vaz keçməyə məcbur olacaqlar".

Bu fikirləri siyasi şərhçi Vaqif Hüseyn Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, bu isə, əslində, ermənilərin ən çox qorxduğu və revanşist dairələrin də ən az istədiyi məsələdir - yəni məsələlərin hüquqi çərçivəyə salınması. Çünki o halda onların manevr imkanları məhdudlaşır, istədikləri kimi hərəkət edə, istədikləri yalanları uydura bilmirlər. Ortada beynəlxalq səviyyədə tanınan və tərəflərin imzaladığı, öhdəlik götürdüyü bir sənəd olur. Bu baxımdan, təbii ki, revanşist dairələr üçün belə bir sənədin imzalanması arzuolunan deyil. Çünki o halda Azərbaycanın qarşısına çıxarılan şantaj xarakterli bəyanatlar, iddialar, siyasi manipulyasiyalar artıq əhəmiyyətini itirəcək.

"Nə qədər ki, sülh müqaviləsi qəti olaraq imzalanmayıb və ratifikasiya olunmayıb, iddiaların tamamilə bitdiyini söyləmək mümkün deyil," - deyə siyasi şərhçi əlavə edib. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31