Paşinyan Qarabağ məsələsində sərt mövqedə – müxalifət və Qərb dairələri narazı qalır - ÖZƏL
15:50 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığını açıqlayıb. O, Qarabağı tərk etmiş ermənilərin geri dönüşünü qeyri-real və sülh üçün təhlükəli adlandırıb, onların Ermənistanda inteqrasiyasını vacib sayıb. Bu mövqe revanşistləri və bəzi Qərb dairələrini narazı salıb, keçmiş prezident Levon Ter-Petrosyan isə Paşinyanı tənqid edib.
Bu mövzuda politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Ermənistan baş naziri Nikol Paşinyan hesab edirəm ki, reallıqları dərk edir və proseslərdən geri dura bilməyəcəyinin fərqindədir. Bunu Vaşinqton görüşündə əldə edilən razılaşma və paraflanmış sülh sənədinin mətni də təsdiq edir. Faktiki olaraq, Paşinyan üçün indi daha çətin bir mərhələ başlayır: inandığı və qəbul etdiyi məsələləri erməni ictimaiyyətinə də qəbul etdirmək. Bu heç də asan bir proses deyil. Çünki haqqında danışdığımız cəmiyyət uzun illər boyunca "dənizdən dənizə böyük Ermənistan" xülyalarına aldanmış bir cəmiyyətdir. Bu cəmiyyətə gerçəkliyi göstərmək vaxt aparan bir məsələdir. Paşinyanın isə vaxtı yoxdur. Ən qısa müddətdə sülh müqaviləsi imzalanmalı, kommunikasiya xətləri açılmalıdır. Paşinyan bu çətin missiyanı yerinə yetirərkən də ən çətin məsələ Ermənistan müxalifətidir. Müxalifət hazırda Paşinyana qarşı müqavimət göstərməkdədir.
Qarabağ məsələsi hələ Azərbaycan reinteqrasiya prosesi elan edərkən və ermənilər Qarabağı tərk edərkən, onlar gəldikləri ilk il ərzində demək olar ki, Ermənistanı çoxusu tərk etdi. Onların onsuz da gedəcək yerləri var idi. Bir çoxlarının başqa ölkələrdə mülkləri var idi. Digər tərəfdən, olmayanlar isə daha üstün mövqeyə çıxaraq rahat şəkildə digər ölkələrə müraciət etdilər və vətənlərinin olmadığını bildirərək Ermənistanı tərk etdilər. İllərdir Qarabağda qanunsuz məskunlaşan ermənilər Avropanın verdiyi vəsait hesabına yüksək məbləğ qazanırdılar. İndi isə gəldikləri yerə qayıtdılar, amma burada qalmaq istəmədilər. Onlar heç Ermənistan vətəndaşı belə deyildilər. Xaricdən gəlmiş, süni artırılmış şəxslər idilər. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Paşinyan qalan ermənilərin inteqrasiya məsələsini həll etmək istəyir. Böyük ehtimal, onlar da getmək istəyirlər. Amma Paşinyan buna icazə vermir. Çünki Ermənistanda ciddi demoqrafik vəziyyət var: əhalinin artım səviyyəsi aşağıdır və ölkə sürətlə xaricə köç verir. Ona görə də erməni tərəfi bu prosesi aktivləşdirərək həmin şəxsləri ölkədə saxlamağa çalışır. Əlbəttə ki, Paşinyanın bu çıxışından sonra Qərb təşkilatlarından Azərbaycana qarşı bəyanatlar ola bilər. Amma Amerika sülh istəyir və bu istiqamətdə müvafiq təzyiqlər göstərəcək. Etnik nifrət zəminində açıqlamaların edilməməsi barədə həm Ermənistana, həm də bu təşkilatlara xəbərdarlıq olunacaq".
Zeynəb Mustafazadə