Rusiyada azərbaycanlılara təzyiq: təsadüf yox, planlı kampaniya – ŞƏRH – ÖZƏL

"Son günlər Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı həyata keçirilən təzyiqlər ciddi narahatlıq doğurur. Əvvəlcə Azərbaycan parlamentinin üzvünün Rusiyaya buraxılmaması, Çelyabinskdə diaspor rəhbəri Ərşad Xankişiyevin ölkəyə girişinə qadağa qoyulması, Moskva vilayətində Elşən İbrahimovun deportasiyası, Voronejdə Yusif Xəlilovun saxlanılması və barəsində ağır ittihamların irəli sürülməsi və bu kimi çoxsaylı  hadisələri sadalamaqla demək istəyirəm ki, bunlar təsadüfi hallar deyil. Bu, planlı və məqsədli şəkildə aparılan siyasi təzyiq kampaniyasıdır".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"Ekspertlərin də vurğuladığı kimi, Moskva bu yolla həm  Azərbaycan diasporunu zəiflətmək, həm də Bakı ilə münasibətlərdə əlavə siyasi təzyiq aləti qazanmaq istəyir. Lakin bu addımlar əksinə, Azərbaycan cəmiyyətində Rusiyaya qarşı nifrət yaradır, inamsızlığı daha da dərinləşdirir və ikitərəfli münasibətlərə mənfi təsir göstərir. Bu Rusiya-Azərbaycan münasibətlərinin keçmişinə və gələcəyinə zərbə vurmuş olur. 
Unutmaq olmaz ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır, onların böyük əksəriyyəti həmin ölkənin sosial-iqtisadi həyatına mühüm töhfələr verir. Onları hədəfə almaq, əslində, Moskvanın öz cəmiyyətinə də zərbə vurması deməkdir," - deyə ekspert əlavə edib. 

B. Quliyev qeyd edib ki, Azərbaycan diasporu həm milli-mədəni dəyərlərimizin qorunmasına, həm də ölkəmizin beynəlxalq müstəvidə haqq səsinin güclənməsinə xidmət edən mühüm qüvvədir. Bu gücü zəiflətməyə yönələn istənilən cəhd yalnız düşmənçilik siyasəti kimi dəyərləndirilə bilər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31