Misir Mərdanov: Ermənistan orta məktəblərində kitablar Azərbaycan dilində idi
13:14 Siyasət"Azərbaycanla Ermənistan sülh mətni artıq paraflanıb. Tərəflər bundan sonra sülhə xələl gətirəcək bütün addımlardan uzaq durmalıdırlar. Bu, dərsliklər, ədəbiyyat və digər təbliğat vasitələrində əksini tapmalıdır".
Olaylar.az xəbər verir ki, bu sözləri Teleqraf-a Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov deyib.
O hesab edir ki, sülh sənədi paraflandığına görə bu məsələdə hər iki tərəfin üzərinə müəyyən öhdəlik düşür:
"Bundan sonra tərəflərdən biri o birisi haqqında mənfi fikirlər səsləndirməyəcək. Uzun müddət Azərbaycana qarşı erməni cəmiyyətində aparılan anti-təbliğata son qoyulmalıdır. Mən Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində tarixi torpaqlarımızda böyümüşəm, orada orta məktəbə getmişəm. O dövr biz oxuduğumuz məktəblərdəki kitabların hamısı Azərbaycan dilində idi. Ona görə də həmin dövrlərdə Azərbaycan haqqında Ermənistanın məktəb dərsliklərində hansısa fikirlərin olduğuna rast gəlməmişəm".
Misir Mərdanov məktəbi bitirdikdən sonrakı dövrdə Azərbaycan və Türkiyə haqqında hansısa əks-təbliğat materiallarının Ermənistandakı dərsliklərdə yer aldığını eşitdiyini deyib:
"Erməni dilini bilmədiyimə görə həmin vəsaitlərdə nələrin yazıldığını öyrənə bilmədim. Amma bu dövr artıq arxada qalır. İndi Cənubi Qafqaza sülh gəlir. Azərbaycan xalqı və Türkiyə haqqında olan bütün iddialardan ermənilərin imtina etməkdən başqa çıxış yolu yoxdur".