Tramp görüşü: Avropa liderləri xarizma yox, maraqları seçir – ÖZƏL

"Son vaxtlar  Avropa ölkələrinin liderlərinin Tramp ilə görüşləri, xüsusilə də son Vaşinqton görüşü müxtəlif cür qiymətləndirilir. Trampın bəzi şıltaqlıqlarına baxmayaraq, Avropa liderlərinin daha təmkinli davranmaları, onunla tez uzlaşmağa, anlaşmağa çalışmaları belə bir təəssürat yaradır ki, Avropada lider qıtlığı var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, amma bu, məsələnin yalnız görünən tərəfidir və səthi yanaşmadır. Əslində, burada əsas məsələ liderlərdən çox maraqlardır. Yəni bəzən xarizması olmayan, ötkəmliyi az, daha yumşaq lider millətin maraqlarını daha yaxşı ifadə edə, onları qoruya bilir. Belə liderlər müxtəlif siyasi üsullardan daha səmərəli şəkildə istifadə edə bilirlər. Nəinki xarizmatik liderlər. Bu gün Tramp xarizmatik lider hesab olunsa da, onun Rusiya ilə bir çox məsələlərdə yanaşmalarına və Putinlə münasibətlərinə baxanda görürük ki, bütün hallarda uğurlu addımlar atmır. Deməli, güclü lider dedikdə, əslində millətin, dövlətin maraqlarını daha düzgün qoruyan, daha çevik addımlar atan lider nəzərdə tutulmalıdır.

Siyasi şərhçi qeyd edib ki, burada insanın xarakterindən, şəxsiyyətindən çox şey asılıdır. Azərbaycan-Ermənistan münasibətlərinin Vaşinqtonda müzakirəsi də bu baxımdan mühüm hadisə idi. Dolayısı ilə, Cənubi Qafqaz uğrunda müharibənin qarşısı məhz bu görüşlə alındı, demək mümkündür. Xüsusilə də Rusiya və İranın bölgə ilə bağlı maraqları, Zəngəzur dəhlizinə dair arzuları, planları sanki suya düşdü. Bu isə artıq ciddi geosiyasi dəyişiklik, güc balansının dəyişməsi deməkdir. Belə məqamda dövlət başçılarının xarakteri, bəzən də xarizması çox önəmlidir. Çünki müəyyən təzyiqlərə davam gətirmək, fərqli və riskli addımlar atmaq lazım gəlir ki, gerçək vəziyyəti, real situasiyanı dəyişmək mümkün olsun. Biz bunu Qarabağ məsələsində gördük, indi isə son Vaşinqton görüşündə də oxşar proses müşahidə olundu.

Ə. Mustafanın sözlərinə görə, Avropa liderlərinin fəaliyyətində başqa bir məqam var. Doğrudur, orada bəzən xarizma qıtlığı, lider boşluğu nəzərə çarpır. Ancaq  Avropanın üstünlüyü kollektiv qərarvermədədir. Güclü fərdi liderlər bəzən bu birliyi poza bilər. Ona görə də avropalılar daha yumşaq, kompromisli mövqedən çıxış edərək həm maraqları qorumağa, həm də birliyi saxlamağa çalışırlar. Bu baxımdan bəzən çox güclü lider obrazının yaradılmasından qaçırlar. Bu, həm  Avropanı parçalanmadan qorumaq, həm də Tramp kimi fiqurlarla münasibətləri balanslı saxlamaq üçün düşünülmüş siyasətdir. Yəni burada maraqlar hər şeydən önəmlidir. Görülən işlər, qarşıya qoyulan planlar şəxsi xarizma və liderliyin önünə keçir.  Qərbdə dövlət institutlaşdığı üçün fərdi liderlərin əhəmiyyəti əvvəlki qədər deyil. Artıq qərarlar beyin mərkəzlərində, institutlarda hazırlanır və dövlət mexanizmləri tərəfindən həyata keçirilir. Belə olanda fərdlərin fədakarlığı, şəxsi xarakteri önəmli olsa da, əsas mexanizm dövlətin özü olur.

Siyasi şərhçi əlavə edib ki, lakin bizim region - Şərq, Cənubi Qafqaz və hətta Rusiyanın təsir dairəsində qalan ərazilər üçün hələ də liderlərin güclü şəxsiyyətə, xarakterə malik olması çox əhəmiyyətlidir. Burada dövlətin taleyini, siyasi kursunu hələ də daha çox fərdi liderlər müəyyənləşdirir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31