Rusiyanın Ukraynada SOCAR-ı vurması düzgün deyil, delikat deyil, taktiki isə heç deyil - ÖZƏL

"Rusiya - Azərbaycan münasibətlərinə nəzər yetirdiyimiz zaman qarşı tərəfdən səmimiyyətin, dostluğun olmadığını görürük. Bu heç vaxt da olmayıb. Hər kəs gözəl bilir ki, 90-cı illərdə Rusiya tərəfindən dəstək olmasa idi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal oluna bilməzdi. Ardınca Rusiya bu işğalı möhkəmləndirmək üçün Ermənistanı silahlandırmaqda davam etdi. Hər halda heç nə deyil, 1998-ci ildə Ermənistana bir milyard dəyərində silah verilməsi bunu nümayişkaranə formada təsdiq edir." Bu  fikirləri Olaylar.az-a  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"Eyni tendensiyanın İkinci Qarabağ müharibəsi zamanı da şahidi olduq.  Azərbaycanı maksimum zəiflətmək üçün Ermənistana minimum dəstək belə böyük məna kəsb edirdi. Azərbaycan Rusiya siyasətinin çoxəsrlik müraciət etdiyi, regionumuzda da tətbiq etdiyi separatizm siyasətini öz torpaqlarında boğdu, öldürdü. Layiqli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, xalqının ümid, pənah yeri olan cənab İlham Əliyev erməni separatçılarının tabutuna son mismarı da vurdu. Rusiyanı qıcıqlandıran, qəzəbləndirən məhz budur. Çünki tətbiq etdiyi separatizm siyasətinə bu dəfə də əl atanda əli boşa gəlir. 
2024-cü ilin dekabr ayında AZAL-a məxsus təyyarənin vurulması xalqımızın səbr kasasının daşması idi. Ardınca Rusiya müxtəlif üsul və vasitələrlə Azərbaycana təzyiqlər, təhdidlər yağdırdı. Rusiya media məkanında, ictimai dairələrdə Azərbaycanın hədəf alınması silsilə xarakter daşımağa başladı. Azərbaycanı etnik konfliktlərlə laxlatmaqla hədələyirlər. Bu, qəbulolunmazdır. Bunu deyən hər kəsin dərhal ağzının üstünə vurulmalıdır. İndi isə Ukrayndakı Azərbaycana məxsus neft-qaz infrastrukturumuz hədəf alınır. SOCAR-ın yanacaqdoldurma məntəqələrinin atəşə tutulması düzgün deyil, delikat deyil, taktiki isə heç deyil. Rusiya-Azərbaycan münasibətlərinin pisləşdirilməsinə, bunun dərinləşdirilməməsinə qarşılıqlı müzakirələrlə son qoyulması sadəcə Rusiya-Azərbaycan deyil, regionla məhdudlaşmayan, hər tərəf üçün və hər baxımdan ən məqbul variantdır. 
Rusiya bütövlükdə siyasətə baxışını dəyişməlidir, çünki dünya dəyişir. Xalqlar, millətlər, dövlətlər artıq ayrı reallığı yaşayır, yaşamaqda da davam etmək istəyirlər. Təzyiq, şantaj, güc tətbiq etmək və güclə hədələmək yol deyil.

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31