Rusiyanın Azərbaycana təzyiq mexanizmləri: SOCAR hədəfdə – ÖZƏL

"Ukraynada SOCAR-a, yəni Azərbaycanın enerji infrastrukturuna edilən hücum Rusiyanın bir mesajıdır. Bu həm də bizə yönəlmiş təzyiqdir. Digər tərəfdən, Rusiyada diaspor rəhbərlərinə qarşı edilən hücumlar, onların deportasiya olunması da həmin təzyiqlərin tərkib hissəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib. Siyasi şərhçi bildirib ki, bunlar Rusiyanın Azərbaycana qarşı tətbiq etdiyi təzyiq mexanizmləridir. Təəssüf ki, bizim bu təzyiqlərə adekvat cavab imkanlarımız hələ də məhduddur.Rusiyanın ən böyük təsir rıçağı o ölkədə işləməyə məcbur olan azərbaycanlılardır.  Hazırda Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Onların bir çoxunun Azərbaycana yardımı var, amma eyni zamanda bəzi sosial problemlər ölkədə Odur ki, ölkəmizdə sosial siyasət gücləndirilməlidir:

"Keçmişə baxsaq, 1990-cı illərdə Rusiyanın Azərbaycana təzyiq vasitələri daha çox idi: Qarabağ münaqişəsi, separatizm ocaqlarının yaradılması, dini radikal qruplardan istifadə və s. Son 30 ildə bunların bir çoxu azalıb, amma tam yox olmayıb," - deyə siyasi şərhçi əlavə edib.

Ə. Məmmədli qeyd edib ki, SOCAR-ın Ukraynadakı obyektlərinə edilən hücumlara gəlincə - biz orada müdafiə imkanına malik deyilik. Amma prinsipial mövqeyimizi ortaya qoymalıyıq. Məsələn, Ukraynaya dəstək vermək, Rusiyanın enerji obyektlərinə qarşı əməliyyatlarda informasiya və siyasi dəstək göstərmək mümkündür. Bununla da Rusiyaya mesaj verməliyik ki, əgər siz bizə qarşı belə hərəkətlər edirsinizsə, nəticələri sizə də ziyan vuracaq. Sadəcə narazılıq bildirmək, nota vermək və Avropanın hücumları qınaması ilə isə kifayətlənmək yetərli deyil. Çünki biz Rusiyaya qarşı real addımlar atmasaq, Avropa bizə kömək etməyəcək. Ona görə də siyasətdə həm "qamçı", həm də "çörək" prinsipi tətbiq olunmalıdır. Bir tərəfdən Rusiyaya qətiyyətli mövqeyimizi göstərməli, digər tərəfdən isə münasibətlərin dərin qarşıdurmaya çevrilməsini istəmədiyimizi də anlatmalıyıq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31