26 avqust- Laçın şəhəri günüdür- ÖZƏL
11:57 Siyasət"1923-cü ildə Abdallar kəndi Laçın adlandırılıb və 1930-cu ildə Laçın rayonu təşkil edilib. Laçın sözü məğrurluq mənasını verir. Belə deyilir ki, Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru, yazıçı Tağı Şahbazi yaxınlıqdakı dağın adını şəhərə verilməsini tövsiyə etmişdir.
Sovet dönəminə qədər Laçın alınmaz qala, mübariz insanların yurdu, düşmənlərin qənimi hesab olunub". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib:
"1992-ci ilin erməni işğalına qədər Laçının 65 min əhalisi, bir şəhəri, bir qəsəbəsi, 125 kəndi, 1835 kvadrat kilometr ərazisi var idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Laçında elmi tədqiqatlara imkan olmamışdır. O zaman Zəngəzur uğrunda şiddətli döyüşlər gedirdi. Qələmdən daha çox silaha və onu daşıyan əsgərə ehtiyac var idi. 1919-cu ildə Zabux dərəsində Andronikə qarşı Sultan bəy Sultanovun apardığı döyüşlər dillər əzbəri olsa da, rəsmi çıxışlarda və dərsliklərdə bu barədə yazmaq az qala cinayət sayılırdı. 1992-ci ildə Laçın işğala məruz qalandan sonra xalqın qəhrəmanlıq ruhunu dilə gətirmək üçün tarixçilər Zabux döyüşünü gündəmə gətirdilər. 1919-cu ilin fevralında türk-müsəlman qənimi Andronik Zəngəzurdan Şuşaya hücum etmək üçün Zabux dərəsi istiqamətindən Laçına daxil olmaq istəyirdi. Sultan bəy Sultanovun başçılıq etdiyi könüllülər Milli hökumət qüvvələri ilə əl-ələ verərək düşməni darmadağın etdilər. Zabux dərəsində yüzlərlə erməni məhv edildi. Andronik canını zorla qurtara bildi. Zabux dərəsi bu döyüşdən sonra "Qanlı dərə" adlanmağa başladı.
1920-ci ilin aprel çevrilişindən sonra ermənilər Zəngəzurla bağlı tədqiqatlarında bu ərazinin onlara məxsus olduğunu iddia edirdilər. Laçın ərazisində Ağoğlan məbədi orta məktəb dərsliklərində alban abidəsi kimi tədris olunmurdu. Yəni ermənilər Laçın ərazisində albanlara məxsus bütün abidələri erməni abidələri kimi təqdim etməyə nail olmuşdular. Sovet tarix elmi ermənilərə xidmət etdiyi üçün uzun illər Laçın ərazisində mövcud olan tarixi abidələr ya tədqiq olunmamış, ya da erməni abidəsi kimi təqdim olunmuşdu.
Azərbaycanlıların ən qədim dövrdən Laçın ərazisində yaşaması ilə bağlı ən tutarlı mənbələr qəbristanlıq, məscid, məbəd və türbələrdir. Bu baxımdan Laçın bəxti gətirən rayonlardandır. Bu abidələrin bir neçəsini bölüşmək istəyirəm:
Zabux kəndi ərazisində Sümüklü qəbirstanlığı, Xallanlı qəbirstanlığı, Malıbəyli qəbirstanlığı, Abdallar qəbirstanlığı, Ağoğlan qəbirstanlığı, XIV əsrə aid Sultanlar qəbirstanlığı, Zeyvə kəndi ərazisində Soltanbaba türbəsi, şeyx Əhməd türbəsi və qədim qəbirstanlıq, Qarıqışlaq kəndi ərazisində XI əsrə aid məscid, Sadınlar kəndinin mərkəzində XVII əsrə aid məbəd, Hacılar kəndi ərazisində qədim qəbirstanlıq, Cicimli kəndi ərazisində XVI əsrə aid Məlik Əjdər türbəsi, orta əsrlərə dair Çoban daşı və qədim qəbiristanlıq, Malxələf kəndi ərazisində XVII əsrə aid Xəlifə türbəsi, Pircahan kəndi ərazisində XI əsrə aid Qovur qalası, XVII əsrə aid bulaq və sair yüzlərlə abidə 70 illik sovet dönəmində Laçın ərazisinin abidəsi kimi təqdim olunmamışdı. Bu siyahını bir qədər də uzatmaq mümkündür.
Laçın Şərqi Zəngəzurun və Qarabağın işğal olunmuş digər əraziləri ilə birlikdə uzun illər düşmən işğalı altında qaldı. Nə beynəlxalq təşkilatlar, nə də nufuzlu dövlətlər Laçının harayına gəldilər. Ermənilər də Qərbin bu ikiüzlü siyasətindən istifadə edərək Laçını və Kəlbəcəri danışıqlar masasına daxil etmir və Laçını erməni ərazisi kimi təqdim etməkdə israr edirdilər, hətta adını da dəyişmişdilər.
31 bir il ərzində Laçın dözdü, əyilmədi, hətta dünyasını dəyişənlər belə ümidlərini üzmədilər. İllər keçdikcə bu ümid qırılmırdı, zəifləmirdi, çünki Azərbaycan dövləti günü-gündən güclənirdi və xalqın bütün arzu və istəyi Qarabağda və Zəngəzurda zuhur edirdi. Ali Baş Komandan Azərbaycanın öz torpaqlarına sahib olması üçün mümkün olanları edirdi.
... Və nəhayət. 2020-ci ilin Vətən Müharibəsi başladı və 44 gündən sonra qələbə ilə başa çatdı. Qələbə gününü bütün Azərbaycan sevinc gözyaşları ilə qarşıladı. Azərbaycan öz tarixində ilk dəfə işğal olunan torpaqlarını geri aldı. Nadir şahdan sonra bu tarix təkrar olunmamışdı və təkrar olundu.
Bu qələbənin qəhrəmanları məlum, bu qəhrəmanları yetişdirən Ali Baş Komandan məlum, bu övladları Vətənə məhəbbət ruhunda tərbiyə edən analar məlum, düşmənimiz dünəndən məlum.
Məlum olmayan 30 ildən sonra öz qanı ilə bu torpaqları azad edən insanların uğurlarına sevinməkdə acizlik göstərən müxalifət. Bəs, sizlər nə vaxt və nəyə sevinəcəksiniz? Azərbaycan öz tarixində ilk dəfə ərazi bütövlüyünü bərpa edib, indi Azərbaycanda heç bir qondarma qurum söz sahibi deyil. 100 il bundan əvvəl yaradılan separatçı rejim yox edildi. Siz nəyə kədərlənirsiniz, nəyin intizarındasınız? Şəhidin qanı ilə yuyulan Vətən torpağına müxalif olmaq olmaz!
Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyir:" Zaman gələcək, Azərbaycan və Ermənistan arasında qonşuluq münasibətləri bərpa olunacaq. Amma ermənilərin bizə qarşı törətdiklərini heç vaxt yaddan çıxarmamalıyıq. Bu tarix bütün dərsliklərimizdə olduğu kimi yazılmalıdır!
Əziz laçınlılar! Sizin bayram gününüzü təbrik edirəm. Bundan xoşbəxt gün nə ola bilər? Hər gün vaxtilə yurd tutduğunuz bölgələrdən Laçına maşın karvanı yola salınır. Qayıdırsınız, qayıtmağınız mübarək, qurursunuz, qurduqlarınız mübarək, şükr edirsiniz, həm Allaha, həm Ali Baş Komandana!
Laçın dünyanın nəhəng dövlət başçılarını ürək açıqlığı ilə qəbul etmək və könül xoşluğu ilə yola salmaq iqtidarındadır.
Əziz Laçın, sən həmişə məğrur duruşunla ad qazanmışdın, bu gün həm də gözəlliyinlə könül oxşayırsan. Səni vəsf eləməyə ehtiyac yoxdur, səni tarixçi gözü ilə dünyaya tanıtmaq lazımdır".