Ukraynanın çətin seçimi: sülh ya torpaq? - ÖZƏL

Amerika prezidenti Donald Trampla Ukrayna prezidenti  Volodimir Zelenski, həmçinin Avropa liderləri arasında keçirilən görüşün bəzi detalları üzə çıxmaqdadır. Belə anlaşılır ki, Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verməklə təhlükəsizlik qarantiyası əldə edəcək.

Belə bir model Ukraynanın suverenliyi və gələcək təhlükəsizliyi üçün real çıxış yolu ola bilərmi?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Aydın məsələdir ki, bu, Ukraynanın siyasi və hərbi vəziyyətini xeyli çətinləşdirəcək. Faktiki olaraq Ukrayna dörd vilayətini itirmək təhlükəsi ilə üz-üzədir. Digər vilayətlər isə tam Rusiya tərəfindən alınmayıb.  Bəzi vilayətlərində isə işğal olunmamış ərazilər Ukraynanın nəzarətində olacaq. Digər tərəfdən, Donetsk və Luqanskı Rusiya tam şəkildə nəzarət istəyir. Lakin nəzərə almaq lazımdır ki,  Donetsk və Luqanskın Ukraynada qalan hissələri hərbləşmiş, hərbi mövqelərlə əhatələnmiş sahələrdir. Bu şəhərlər hərbi bunkerlərlə qorunan, qala şəhərlərə çevrilmiş ərazilərdir. Rusiyanın məqsədi bu ərazilərin tam nəzarətini əldə etməkdir. Rusiya Ukraynanın NATO-ya üzv olmasını qəbul etmir. Ukrayna ərazilərini Rusiyaya verərsə, NATO üzvlüyü olmayacaq, amma bəzi təşkilati məsələlər gündəmə gələ bilər. Başqa bir məsələ isə Rusiya istəyir ki, atəşkəs sülhlə birlikdə olacaq. Rusiya şəhərlərə nəzarəti saxlayaraq, həm sülh, həm də hərbi üstünlük əldə etməyi planlaşdırır. Rusiya şərtləri qəbul edilməsə, atəşkəs etməyi düşünmür. Bu isə onu göstərir ki, danışıqlar davam etdiyi müddətcə, hücumlar da davam edəcək və Rusiya həm danışıqlarda, həm də öz hərbi mövqeyini gücləndirmək üçün bu vəziyyətdən istifadə etməyə çalışacaq. 
Rusiya istəyir ki, danışıqlar zamanı Rusiyaya qarşı olan sanksiyalar da aradan qalxsın . Rusiya maliyyə və hərbi resurslarını yenidən toplamaq, çatışmayan hərbi silah və detalları əldə etmək üçün bu vəziyyəti fürsət kimi istifadə edəcək. Ukrayna üçün çıxış yolu isə çətin görünür. Avropa İttifaqı və ya ABŞ Rusiya ilə birgə döyüşə girməyəck.  Ukrayna öz hərbi siyasətini, maliyyə imkanlarını və silah təchizatını lazımi səviyyədə təsir edə bilmir. Mümkündür ki, sülh prosesi başlayandan sonra Ukrayna bu dövrü öz ordusunu formalaşdırmaq, gücləndirmək və silahlandırmaq üçün istifadə etsin. Eyni zamanda, iqtisadiyyatını bərpa etsin, əhalinin və maliyyə resurslarını tənzimləsin. Daha sonra, Rusiyanın zəiflədiyi bir dövrdə aktiv fəaliyyət göstərə bilər və öz ərazilərini geri almağa çalışa bilər.  Necə ki, Azərbaycan belə etdi -  30 il sonra öz torpaqlarını işöaldan azad etdi. 
Rusiyanın ərazilərinin tanınması məsələsi də sülh prosesi ilə bağlı gündəmdədir. Sülh əldə edildikdən sonra MDB məkanında iki istiqamət görünür: bir tərəfdən Rusiyanın təzyiqi artacaq, gücünü regiona yönəldəcək, həm Cənubi Qafqaza, həm Qazaxıstana təsir göstərməyə çalışacaq, digər tərəfdən isə Ukraynadakı sülh danışıqları ümumi bir sülh paketini əhatə edəcək. Bu, dünyanın bölgüsünə dair razılaşmalarla müşayiət olunacaq. Moldova kimi ölkələrdə məsələn,  ABŞ və Rusiya arasında nüfuz bölgüsü müəyyənləşdirilə bilər. Belə bir bölgü olduğu halda, Rusiya nüfuzunu güc yolu ilə deyil, danışıqlar yolu ilə yaymağa çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31