“Azərbaycan MDB-dən çıxmağı müzakirə edə bilər” – RƏY – ÖZƏL

Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və daha 6 şəhərdə III MDB Oyunları keçiriləcək. Lakin son aylarda Rusiya ilə Azərbaycan arasında gərginliyin artması - Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyatlar, baş verən cinayətlər, eləcə də diplomatik və mədəni görüşlərin ləğvi bu yarışların keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar yaradır.

Maraqlıdır, Rusiyan və Azərbaycan arasında gərginliyin artması nəticəsində MDB oyunları təxirə salına bilərmi? Bu münasibətlərə necə təsir edə bilər?

"Bu məsələ, Azərbaycan hökuməti tərəfindən tənzimlənəcək bir məsələdir. Yəni, Gənclər və İdman Nazirliyi bu məsələ ilə bağlı müvafiq qərar qəbul edəcək. Eyni zamanda oyunların keçirilməsi də gələcəkdə baş verəcək hadisələrlə, yəni beynəlxalq-siyasi proseslərlə, iki dövlət arasında baş verəcək münasibətlərlə bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, çox təəssüflər olsun ki, Rusiya Azərbaycana qarşı dostluq və qonşuluq münasibətlərinə xələl gətirən addımlar atıb və atmaqda da davam edir. Məsələn, Ukraynada SOCAR-ın infrastrukturuna ciddi zərbələrin vurulması, Rusiyanın televiziya kanallarında Azərbaycan əleyhinə kampaniyaların aparılması, rəsmi şəxslərin və ictimai xadimlərin ölkəmizə qarşı yersiz və sərt açıqlamalar verməsi iki dövlət arasındakı münasibətlərə ciddi şəkildə zərər vurur. Buna baxmayaraq, Azərbaycan bütün ölkələrlə mehriban dostluq və qonşuluq münasibətləri qurmaqda maraqlıdır və heç vaxt istəməz ki, başqa dövlətlərlə münasibətləri pisləşsin. Buna görə də Azərbaycan maksimum şəkildə bu məsələlərin yoluna qoyulması üçün çalışır. Keçmişdə də digər ölkələrlə münasibətlərdə biz çalışmışıq ki, sülh şəraitində yaşayaq. Ancaq Azərbaycana qarşı baş verən haqsızlıqlara heç vaxt göz yummamışıq və dövlətimiz buna lazımi cavabları verib. Tarixdə bunun çox nümunələrini görmüşük.

Siyasi şərhçi qeyd edib ki, əgər Rusiya bu cür aqressiyasını davam etdirərsə, mən düşünürəm ki, ümumiyyətlə, Azərbaycan MDB ilə bağlı məsələlərə yenidən baxmalıdır. Həm oyunların keçirilməsi təxirə salına bilər, həm də ümumiyyətlə MDB-nin bəzi strukturlarında iştirakımız dayandırılmalıdır. Əgər vəziyyət daha da pisləşərsə, Azərbaycanın MDB-dən çıxması məsələsi də müzakirəyə çıxarılmalıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31