Ukraynaya veriləcək təhlükəsizlik təminatları real əhəmiyyət daşımayacaq – ŞƏRH – ÖZƏL
15:05 Siyasət"Ağ Evdə keçirilən Zelenski, Tramp və Avropa liderlərinin görüşündən yayılan ilkin məlumatlardan belə anlaşılır ki, Ukrayna savaşında 2014-cü ildəki situasiya bərpa oluna bilər, ancaq bu dəfə Ukrayna üçün daha ağır şərtlər və daha ciddi nəticələrlə bu variant gündəmə gələ bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu dəfə Ukraynanın işğal olunan ərazilərinin həcmi daha böyükdür və belə bir vəziyyətdə Ukrayna savaşı uzunmüddətli dondurulmuş münaqişə şəklində qalacaq. Bu isə Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulması, beynəlxalq hüquq normalarının tapdanması, Rusiyaya böyük güzəştlərin edilməsi anlamına gəlir və ən əsası da Ukraynaya veriləcək təhlükəsizlik təminatları heç bir real əhəmiyyət daşımayacaq. Çünki bu təminatlar Ukraynanın təhlükəsizliyini faktiki olaraq təmin edə bilməyəcək. Bunun da tarixi nümunəsi mövcuddur. Vaxtilə Ukraynanın nüvə silahlarının ləğvi ilə bağlı sənəd imzalanarkən, eyni zamanda Ukraynaya təhlükəsizlik təminatı verilməsi barədə də sənəd imzalanmışdı. Həmin sənədi imzalayan dövlətlərin sırasında ABŞ ilə yanaşı Rusiya da var idi. Ancaq sonradan göründü ki, Rusiya özü təhlükəsizlik təminatı verdiyi Ukraynanın təhlükəsizliyini təhdid etdi. Yəni Ukraynanın ərazilərini işğal etdi. Əgər təhlükəsizlik təminatı verən bir dövlət Ukraynanın təhlükəsizliyini təhdid edirsə, belə bir təminat heç bir əhəmiyyət daşıya bilməz. İndi Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının da ciddi təsiri olmayacaq.
E. Xalidbəylinin sözlərinə görə, Ukrayna üçün yeganə real təhlükəsizlik təminatı yalnız o ola bilər ki, Rusiya qoşunları Ukrayna ərazilərindən tamamilə çıxarılsın və Ukrayna NATO-ya qəbul edilsin: "Yalnız bu halda Ukrayna ərazilərində yerləşdirilmiş NATO bazaları ölkənin təhlükəsizliyini təmin edə bilər. Amma indiki şəraitdə təhlükəsizlik təminatı ilə bağlı sənədlərə atılan imzalar sadəcə formal xarakter daşıyacaq. Ukrayna üçün heç bir əhəmiyyət kəsb etməyəcək".
Siyasi əlavə edib ki, Rusiyanın Ukrayna savaşından çıxması və xüsusən də bu cür şərtlərlə çıxması bütövlükdə MDB dövlətlərini də təhdid altında qoya bilər. Rusiya bu addımdan şirniklənərək digər MDB ölkələrinə qarşı da aqressiv hərbi təhdidlər yönəldə bilər. Bu da MDB məkanında növbəti dəfə gərginliyin və "Rusiya probleminin" gündəmə gəlməsinə səbəb ola bilər. Təbii ki, hadisələrin inkişaf istiqamətinin hara yönələcəyi hələ tam bəlli deyil. Ancaq mühüm bir məqam var ki, Zelenski hakimiyyətinin Ukrayna ərazilərini Rusiyaya güzəştə getmək kimi hüquqi səlahiyyəti yoxdur. Bu məsələ ilk növbədə Ukraynanın Konstitusiyası çərçivəsində həll olunmalıdır. Referendum keçirilməlidir və Ukrayna əhalisi ərazi güzəştlərinə razılıq verməlidir. Lakin bunun baş verməsi ehtimalı olduqca zəif görünür. Böyük ehtimalla Zelenski hakimiyyəti müəyyən güzəştlərə gedərək və ya daha yumşaq mövqe tutaraq zaman qazanmağa çalışır. Zaman keçdikcə bu anlaşmaların və yaxud ilkin müzakirələrin əhəmiyyəti azala bilər və nəticədə yenidən münaqişə, toqquşma və qarşıdurma dərinləşə bilər. Bu baxımdan demək olar ki, Ağ Evdə aparılan müzakirələr hələ yekun nəticə hesab oluna bilməz və orada əldə olunan ilkin razılaşmalar yaxın vaxtlarda pozula bilər.
"Böyük ehtimalla 2014-cü ilin modeli - yəni "dondurulmuş münaqişə variantı"nın təkrarı bu dəfə o qədər də asan olmayacaq. Çox güman ki, müəyyən mərhələdə gərginlik daha kəskin şəkildə üzə çıxacaq," - deyə siyasi şərhçi vurğulayıb.
Sevda Dəniz