Gərginlik fonunda MDB oyunları: Gəncədə idman bayramı plan üzrə keçiriləcək - ÖZƏL

Sentyabrın 28-dən oktyabrın 8-dək  Gəncə və daha 6 şəhərdə III MDB Oyunları keçiriləcək. Gəncə "İdman paytaxtı" seçilib və hazırlıqlar davam edir. Lakin son aylarda Rusiya ilə Azərbaycan arasında yaranmış gərginlik - xüsusən Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat və törədilən cinayətlər, diplomatik və mədəni səviyyədə planlaşdırılan bir sıra görüşlərin ləği bu yarışların taleyi ilə bağlı suallar doğurur.

Rusiya-Azərbaycan münasibətlərinin indiki halında Gəncəyə təyin olunmuş 3-cü MDB oyunları təxirə salına bilərmi? Əgər yarışlar plan üzrə baş tutsa, bu, Rusiya-Azərbaycan münasibətlərinə hansı təsiri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Gəncədə keçiriləcək MDB oyunları ilə bağlı hazırlıqlar davam edir və Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirməyə qərarlıdır. Bu tədbirdə iştirakçılar gəlincə, ondan artıq ölkənin nümayəndələri iştirakı  gözlənilir. Şübhəsiz ki, MDB-də ən böyük dövlət olan Rusiyanın nümayəndələrinin burada iştirak etməsi ehtimalı kifayət qədər yüksəkdir. Əgər Rusiya öz idmançılarını Azərbaycanda keçiriləcək bu oyunlarda iştirakdan məhrum edəcəksə, bu o deməkdir ki, Azərbaycanla Rusiya arasında körpülər tamamilə yandırılıb və bərpası kifayət qədər çətin olacaq. Düşünmürəm ki, Rusiya bu addımı atacaq. Əgər belə bir ehtimal baş verərsə, şübhə yoxdur ki, bizim münasibətlərimiz ciddi şəkildə zədə alıb. Ən aşağı səviyyəyə qədər enib.  
Onların iştirak etmədiyi halda oyunlar keçirilə bilər. Bir daha qeyd etmək lazımdır ki, MDB-də ondan artıq dövlət birləşib və Rusiyanın iştirak etmədiyi oyunlarda Orta Asiya ölkələri, Belarus nümayəndələri iştirak edə bilər. Gürcüstan artıq MDB-nin üzvü deyil, Ukrayna da üzv deyil, Moldovanın məsələsi sual altındadır, amma müəyyən formada keçirilə bilər. Əgər Rusiya iştirak etməyəcəksə və digərləri də maraqlı olmayacaqsa, bu da ciddi sıxıntı yaratmır, çünki MDB artıq öz mahiyyətini itirmiş bir quruma çevrilib. Vaxtilə bu qurumun yaradılmasının təşəbbüskarı olan Rusiya, həmin qurumun üzvü olan dövlətlərə qarşı təcavüzkar siyasət yürüdür. Ukrayna və Gürcüstan ərazilərini işğal edir, Moldovaya təzyiq göstərməyə çalışır, Azərbaycana təzyiq göstərmək istəyir, münasibətləri ciddi şəkildə zədələyir, Qazaxıstanı isə öz təsiri altında saxlamaq istəyir. Bu baxımdan, bu məsələ xüsusi əhəmiyyət daşıyan bir mövzu deyil.
Əgər Rusiya iştirak etməyəcəksə, bunun bizim üçün hər hansı bir sıxıntısı yoxdur. Əgər iştirak edəcəklərsə, Azərbaycan oyunları yüksək səviyyədə keçirməyə hazırdır. Amma bir daha qeyd etmək istəyirəm ki, MDB artıq öz mahiyyətini və məzmununu itirmiş formal bir təşkilatdır və orada iştirak edib-etməmək Azərbaycana hansısa üstünlüklər vermir. Bundan sonra həmin qurumda qalıb-qalmamaq, iştirak edib-etməmək məsələsi müzakirə oluna bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31