“Azərbaycan–ABŞ münasibətləri regionda yeni imkanlar yaradacaq” – ÖZƏL

"ABŞ-nin Azərbaycandakı sabiq səfirlərinin administrasiyaya 8 avqust razılaşmasının öhdəliklərinin reallaşdırılması baxımından proseslərin sürətləndirilməsi ilə bağlı çağırışları onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi, xüsusilə də sülh müqaviləsinin imzalanması üçün prinsipial fikir ayrılığı qalmayıb və prosesin sürətləndirilməsi hər üç tərəf üçün, xüsusilə də region ölkələri üçün yeni imkanlar yaradacaqdır. O cümlədən, sülh müqaviləsinin imzalanması ABŞ-nin Cənubi Qafqaz siyasətində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. 

Maraqlıdır, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı Azərbaycan üçün hansı konkret imkanları və riskləri yarada bilər?

Fikrimcə, imkanlar risklərdən daha böyükdür. Risklər ondan ibarətdir ki, ABŞ-Azərbaycan münasibətlərinin yüksək və ya aşağı səviyyədə olmasından asılı olmayaraq, İran Azərbaycan adlı müstəqil dövlətin varlığını həzm edə bilmir. Rusiya isə təkcə Azərbaycana deyil, keçmiş Sovet respublikalarına da özünün "arxa bağçası" təfəkkürü ilə yanaşır. Bu respublikaların müstəqilliyini nominal və Rusiyadan asılı kimi qəbul edir. Ona görə də ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi bu iki qonşumuzun Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan təhdidlərini, risklərini azalda bilər. 

Siyasi şərhçi bildirib ki, bu münasibətlərin yaranma mərhələsi hər iki qonşumuz tərəfindən Azərbaycana qarşı yeni təzyiq dalğası gətirə bilər. Amma düşünmürəm ki, hazırkı situasiyada hər iki qonşumuzun mövcud durumu onların Azərbaycana qarşı təzyiqlərinin nəticəli olmasına səbəb olacaq. Əksinə, bu təzyiqlər əks-effekt yaradacaq və eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin daha da sürətlə inkişaf etməsinə stimul olacaqdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31