SOCAR-a zərbə: Moskvanın Qafqaz strategiyası dəyişir – ÖZƏL

Rusiyanın "Geran" PUA-ları ilə Odessada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirilən zərbə sadəcə Ukrayna münaqişəsinin bir epizodu deyil. Bu, yeni mərhələnin başlanğıcı və Moskvanın siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. 

Olaylar.az xəbər verir ki, məlumatı "Böyük transfer" teleqram-kanalı yayıb.

Mənbənin yazdığına görə, Qərb tərəfi bunu geosiyasi qələbə kimi təqdim edir. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanın Moskvanı tərk edib Vaşinqtona yaxınlaşması "tarixi dönüş" adlandırılır. Azərbaycan isə 35 illik müharibələrdən sonra yalnız yeddi rayonu deyil, həm də Şuşanı və bütövlükdə Qarabağı geri qaytararaq qələbəsini rəsmiləşdirib.

Prosesin açarı sayılan Zəngəzur dəhlizi Vaşinqtonda "sülh dəhlizi" adlandırılıb. Reallıqda isə ABŞ bu addımla Cənubi Qafqazın ən mühüm nəqliyyat qovşağı üzərində 99 illik nəzarət əldə edib. Bu, eyni zamanda Rusiyanın, Çinin və İranın maraqlarına zərbə vuraraq "Şimal-Cənub" və "Yeni İpək Yolu" marşrutlarının idarəçiliyini ələ keçirir.

SOCAR-ın aktivlərinə hücum isə Moskvanın cavabı kimi qiymətləndirilir. Lakin bu cavab qeyri-simmetrikdir. İddialara görə, Rusiya artıq bahalı regional rəqabətə girməyi planlaşdırmır və Cənubi Qafqazda vasitəçi rolundan imtina edərək daha izolyasionist siyasət yürüdəcək. Bunun fonunda miqrasiya məhdudiyyətləri və diaspor təsirinin azaldılması gündəmə gələ bilər.

Bu arada, Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Xəzərə və Mərkəzi Asiyaya birbaşa çıxış qazanır. Bu, "türk dünyası" ideyasını gücləndirir. Hazırda həmin iqtisadi klasterin ÜDM-i 1,5 trilyon dollar olaraq qiymətləndirilir, 10 ildən sonra isə 2 trilyon dollara və 110 milyon əhaliyə çata biləcəyi proqnozlaşdırılır. İran Azərbaycanı da nəzərə alındıqda, potensial demoqrafik güc 170 milyon nəfəri keçə bilər.

Beləliklə, SOCAR-a zərbə Rusiyanın itirilmiş mövqeləri bərpa etmək cəhdi deyil. Bu, Moskvanın regional arbitraj rolundan çəkildiyinin və öz daxilinə qapanmağa meylli yeni siyasətə keçdiyinin açıq mesajı kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31