Ukraynanın taleyi onun rəhbərliyinin iştirakı ilə müzakirə olunmalıdır- ÖZƏL

"Lavrovun Alyaskaya üzərində "SSSR" yazılmış köynəklə gəlməsi Rusiyanın imperialist düşüncəsindən və keçmiş sovet sərhədlərini bərpa etmək xülyasından əl çəkmədiyini göstərir". Olylar xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "Bu, Kreml rəhbərliyinin hələ də "böyük sovet məkanını" diriltmək kimi təhlükəli bir ideyaya bağlı olduğunu və bu istiqamətdə simvolik mesajlar verməkdən çəkinmədiyini ortaya qoyur. Putin administrasiyasının məqsədi təkcə Krımı ilhaqı ilə kifayətlənməyib, Ukraynanın digər üç vilayətini də zorla işğal edib Rusiyaya birləşdirməkdir. Bu plan həm regionun siyasi sabitliyini pozur, həm də müasir beynəlxalq münasibətlər sistemində qəbul edilmiş qaydaları alt-üst edir. Belə bir addım beynəlxalq hüququn kobud şəkildə pozulması və Avropada təhlükəsizliyə açıq təhdiddir.
Ukraynanın taleyi yalnız onun seçilmiş rəhbərliyinin iştirakı ilə müzakirə olunmalıdır. Prezident Zelenskinin mövqeyini kənara qoyaraq gizli danışıqlar aparmaq qəbulolunmazdır. Bu cür addımlar, faktiki olaraq, Ukraynanın dövlət suverenliyini və xalqın iradəsini görməzdən gəlmək deməkdir.
Ümid edirəm ki, ABŞ Prezidenti Donald Tramp ədalətli mövqe nümayiş etdirəcək, Ukraynanın ərazi bütövlüyü və milli maraqlarının qorunması istiqamətində qətiyyətli duruş sərgiləyəcək. Bölgədə ədalətli sülhün bərqərar olması üçün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi və güc siyasətindən imtina etməsi vacibdir. Sülh, sabitlik və beynəlxalq hüququn üstünlüyü yalnız bu prinsipial yanaşma ilə təmin oluna bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31