Xəzər dənizində İLK DƏFƏ göründü – Müharibədən əvvəl də belə olmuşdu…
16:48 SiyasətMəlum olduğu kimi, ötən gün Hərbi Dəniz Qüvvələrində (HDQ) "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz Xüsusi Təyinatlı və Dəniz Piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim diqqət çəkir. Təlimlərin ən mühüm tərəfi isə arsenalımıza yeni daxil edilən Türkiyə istehsalı "Salvo" insansız gəmiləridir.
"Salvo" gəmiləri ilk dəfədir, təlim zamanı görüntülənir. Təbii olaraq, Azərbaycan Ordusunun inventarında neçə ədəd "Salvo" insansız gəmisi olduğu məlum deyil. Bununla belə, bu vasitələrin donanmamıza daxil edilməsi tarixi hadisədir.
Məsələ ondadır ki, Azərbaycanın müstəqillik tarixinə nəzər yetirsək, ölkəmizin hər zaman orduvə təhlükəsizlik sahəsində iki zəif tərəfi olub:
Hərbi hava qüvvələri; Hərbi dəniz qüvvələri
Azərbaycan Qarabağ müharibəsindən öncə bu iki zəif nöqtədən biri olan aviasiya sahəsindəki çatışmazlıqları çox fərqli və daha az xərclə aradan qaldırdı. Belə ki, klassik döyüş təyyarələrinin çox bahalı olması, kompleks texniki tələbləri Azərbaycan üçün ciddi məhdudiyyətlər yaratmışdı. Ənənəvi aviasiya gücünə çox böyük investisiya etmək isə büdcə baxımından səmərəli deyildi. Buna görə də Türkiyə istehsalı "Bayraktar" PUA-ları və İsrailin "Harop" kamikadze dronları alınaraq arsenalımıza daxil edildi.
İnsansız uçuş aparatları nisbətən az xərcə, yüksək dəqiqlik və çevik taktiki imkanlara sahibdir. PUA-ların uğuru ondan ibarətdir ki, onlar həm havadan, həm də qurudan gələn təhdidlərə qarşı mübarizədə Azərbaycan Ordusuna çevik reaksiya və geniş əməliyyat imkanları verdi. Ən əsası, həm iqtisadi, həm də taktiki baxımdan bu qruğular daha əlverişli idi.
Bu gün 44 günlük müharibə, həmçinin lokal xarakterli antiterror əməliyyatlarının nəticələrinə baxdıqda rahatlıqla demək olar ki, Azərbaycanın tarixi zəfərində müasir PUA-lar həyati əhəmiyyət kəsb etdi. Hesab edirəm, bu uğurlu təcrübə indi Hərbi Dəniz Qüvvələrində tətbiq edilir. HDQ-nin arsenalına Türkiyə istehsalı olan "Salvo" insansız gəmilərini əlavə etməsi bunu deməyə əsas verir.
Azərbaycanın bahalı və böyük döyüş gəmilərini alması həm xərcli, həm də çətin prosesdir. Bundan başqa, nə qədər gəmi alsaq da, Rusiya, İran kimi Xəzər donanmasına malik iki böyük ölkə ilə rəqabət aparmaq hələlik mümkün görünmür. Çünki bu dövlətlər öz donanmalarını illərlə, milyardlarla investisiya ilə qurublar və həm maddi, həm də insan resursları baxımdan daha geniş imkanlara sahibdirlər. Bu mənada Azərbaycanın insansız hərbi vasitələrə fokuslanması sərrast addımdır.
Belə vasitələr həm büdcə baxımından əlverişli, həm də əməliyyat və texnoloji cəhətdən daha moderndir. "Salvo" kimi gəmilər klassik gəmi donanmasını hələlik əvəzləməsə də, yaxın gələcəkdə ciddi alternativə çevrilə bilər. Çünki bu qurğular istənilən vaxt sürətli reaksiya verə, riskli bölgələrdə əməliyat apara bilir. Ən önəmlisi isə insan itkisinin qarşısını ala bilər.
Xəzər dənizi Azərbaycanın strateji baxımdan çox önəmli, amma ən həssas bölgəsidir. Bakının başlıca iqtisadi maraqları bu bölgədədir. Buna görə də Xəzərin təhlükəsizliyini qorumaq həm də iqtisadi və təhlükəsizlik maraqlarının toqquşması deməkdir. Düzdür, Azərbaycanın heç bir Xəzəryanı ölkə ilə problemi olmasa da, mövcud Rusiya və ehtimal İran, Türkmənistanla yaşana biləcək gərginliklərə hazır olmalıyıq. Xüsusilə Rusiyanın Xəzər dənizində artmaqda olan hərbi varlığı Bakını qabaqlayıcı addımlara vadar edir.
Turan Rzayev