Azərbaycanda yerli idarəetmədə böyük islahatlar gündəmdə: Sovet mirası dəyişir – ÖZƏL
15 Avqust 2025 16:40 SiyasətAzərbaycanda yerli idarəetmədə struktur dəyişiklikləri nəzərdə tutulur. İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik maneələri aradan qaldırmaq və icra hakimiyyətlərinin işini daha səmərəli etməkdir. Bəzi qurumlar birləşdiriləcək, bəziləri isə yenidən təşkil olunacaq. Gələcəkdə icra hakimiyyətlərinin ləğvi və səlahiyyətlərin Prezidentin bölgə nümayəndəliklərinə verilməsi variantı da gündəmdədir.
Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, struktur islahatlarının aparılması vacibdir: "Əslində, biz müstəqillik qazandıqdan sonra müəyyən islahatlar həyata keçirilib, lakin əhəmiyyətli dərəcədə Sovet dövründən qalma yerli idarəetmə orqanları saxlanılıb və bu günə qədər də fəaliyyət göstərir. Yəni, 30 illik müstəqillik dövründə demək olar ki, Sovet infrastrukturunun böyük hissəsi qorunub saxlanıb. Bu isə bir çox məsələlərin həllinə mənfi təsir göstərir".
Siyasi şərhçi qeyd edib ki, həmçinin həmin strukturların əksəriyyəti vaxtilə Sovet dövründə formalaşmış kadrlardan ibarətdir. Ona görə də bu qurumların dəyişdirilməsi və yenilənməsi mütləqdir. Prezident tərəfindən təyin olunan nümayəndələrin bölgələrdə fəaliyyət göstərməsi birbaşa dövlət başçısının bölgələrə təsir imkanlarını artırır, problemlərin həllinə operativ müdaxiləni və sürətli qərar qəbulunu təmin edir.
Zaman-zaman icra hakimiyyəti başçılarının həbs olunduğunu, müxtəlif nöqsanlara yol verildiyini görmüşük. Bu isə onu göstərir ki, bəzi qurumlar yuxarı instansiyaların tapşırıqlarını lazımi səviyyədə yerinə yetirmir. Prezidentin nümayəndəlik institutu isə dövlət başçısına lazım gəldikdə həmin şəxsləri dəyişmək, yeniləmək və daha layiqli kadrların təmsilçiliyini təmin etmək səlahiyyəti verir.
Ə. Mustafa əlavə edib ki, yerli özünüidarəetmə, yəni bələdiyyə sisteminin də yenidən qurulmasına ehtiyac var. Hazırda bələdiyyələrin həm səlahiyyətləri, həm də xüsusən maliyyə imkanları çox məhduddur. Halbuki bələdiyyələr elə səlahiyyət və resurslara malik olmalıdır ki, vətəndaşın problemini dərhal həll edə bilsin. Bu baxımdan, yerli özünüidarəetmənin həm mərkəzləşdirilmiş, həm də seçkili strukturlarının yenilənməsi olduqca vacibdir. Əslində, bu islahatlar çoxdan aparılmalı idi. Yaxşı haldır ki, nəhayət, bu istiqamətdə düşünülür və addımlar atılır. Bunun üçün qanunvericilikdə, hətta Konstitusiyada da dəyişiklik zəruridir. Çünki bu qurumlar Konstitusiyada əks olunub və islahatlarla yanaşı, hüquqi baza da təkmilləşdirilməlidir.
"Bütün hallarda, müasir idarəetmə sistemlərinin - məsələn, Türkiyədə və Avropa İttifaqı ölkələrindəki yerli özünüidarəetmə modelinin müsbət məziyyətlərini nəzərə alaraq Azərbaycanda da uyğun strukturlar yaradılmalıdır," - deyə siyasi şərhçi vurğulayıb.
Sevda Dəniz