Avropa Parlamenti və Vaşinqton görüşü: Azərbaycan–Ermənistan sülh prosesində yeni gərginliklər – ÖZƏL
15:49 SiyasətAvropa Parlamentinin son bəyanatı Azərbaycan-Aİ münasibətlərində yenidən gərginlik yaradıb. Vaşinqton görüşü ilə bağlı açıqlamada qurum Azərbaycana qarşı "Ermənistan ərazisindən qoşunların çıxarılması" və "erməni əsirləri, köçkün Qarabağ erməniləri ilə bağlı məsələlərin həlli" kimi köhnə ittihamları təkrar səsləndirib.
Maraqlıdır, bu mövqenin arxasında hansı siyasi maraqlar dayanır? Avropa Parlamenti Vaşinqton görüşünə niyə kölgə salır?
"Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı müzakirələr əsasən iki platformada aparılıb: Moskva və Brüssel. Brüssel platformasında müəyyən irəliləyişlər əldə olunmuşdu. Daha sonra isə üçüncü platforma ortaya çıxdı, yəni məsələni kökündən həll etməyə yaxın olan platforma - Vaşinqton".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vaqif Hüseyn deyib. Siyasi şərhçi bildirib ki, tərəflər nə Moskvada, nə də Brüsseldə bu müqaviləni bağlaya bilmədilər. Vaşinqtonda isə tərəflər ABŞ-nin moderatorluğu ilə prosesi sonlandırmaq niyyətlərini açıqladılar. Bununla bağlı deklarasiya imzalandı və ilkin parapflanma həyata keçirildi. Bu isə göstərir ki, əvvəlki iki platforma artıq bir qədər kənara çəkilmiş oldu.
Siyasi şərhçi qeyd edib ki, buna baxmayaraq, hər iki platformadan siqnallar gələcəyi bəlli idi. Rusiyanın özünə məxsus metodları mövcuddur; Avropa isə erməni qaçqınları və erməni əsirləri məsələsində fərqli yanaşma nümayiş etdirir. Hər iki platforma özünü meydanda göstərmək istəyir. Ona görə də Avropa Parlamentindən gələn bəyanatı təəccüblü qarşılamadım. Avropa Parlamentinin bəzi məsələlərdəki mövqeyi müəyyən mənada Amerika ilə üst-üstə düşmür. Avropa daha çox insan hüquqları və mədəni məsələlərə diqqət yetirir.
V. Hüseyn əlavə edib ki, müqavilə imzalanacaqsa, onun müddəti və şərtləri - xüsusən Azərbaycanın tələbləri yerinə yetirildikdən sonra müəyyən olunmalıdır. Vaşinqton platforması bu prosesin himayəsini üzərinə götürüb. Brüssel platforması isə ikinci planda olsa da, hələ də önəmli rol oynayır.
"Bu bəyanatda nəzərə çarpan məqam ondan ibarətdir ki, sazişə görə hər iki tərəf - Azərbaycan və Ermənistan Minsk qrupundan imtina etdilər. Burada əsas iki həmsədri, yəni Rusiya və Fransa rol oynayır. Hər iki tərəfdən fərqli notlarda səslər gəlməlidir: Rusiyadan bir cür, Avropadan isə ayrı cür," - deyə siyasi şərhçi sonda vurğulayıb.
Sevda Dəniz