İcra hakimiyyətləri ləğv olunsa, Prezident nümayəndələri idarəetməni necə dəyişdirəcək? - ÖZƏL

Azərbaycanda yerli idarəetmə sistemində struktur islahatları planlaşdırılır. Məqsəd qərarların qəbulunu sürətləndirmək, bürokratik əngəlləri azaltmaq və icra hakimiyyətlərinin fəaliyyətini daha effektiv etməkdir. Bəzi idarələr birləşdiriləcək, digərləri isə yenidən formalaşdırılacaq. Növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin Prezidentin bölgələrdəki nümayəndəliklərinə verilməsi ehtimalı müzakirə olunur.

İcra hakimiyyətlərinin yerinə Prezidentin nümayəndəlikləri keçərsə, bu, yerli özünüidarəetmə prinsiplərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan ərazilərinin bütövlüyü və ölkə ərazisinin suverenliyinin təmin olunmasından sonra ölkədə idarəçilik sistemində bir sıra yeniliklərin olması müzakirə olunur. Azərbaycan-Ermənistan arasında sülh prosesinin formalaşması da yerli idarəetmə sistemində struktur islahatlarını labüd edir. 2019-cu ildən başlayaraq, cənab Prezident İlham Əliyevin  institusional struktur və kadr islahatları davam edir və hazırki reallıqlarda bunun daha geniş miqyas alacağı gözlənilir. Konstitusiya dəyişiklikləri və referendumun həyata keçirilməsi də proqnozlaşdırılır, çünki bütün yerli idarəetmə sisteminin dəyişdirilməsi və onun konstitusiyaya uyğunlaşdırılması önəmlidir. Bu xüsusda yerli icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin prezidentin bölgələrdəki xüsusi nümayəndəliklərinə verilməsi ehtimalı böyükdür. Düşünürəm ki, ölkədə həm yerli icra hakimləri, həm də xüsusi nümayəndələrin olması idarəetmə sistemində təzadlara yol açır. Cənab Prezident İlham Əliyev xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu modeli tətbiq etdi və bugün biz görürük ki, həm Naxçıvan Muxtar Respublikası, həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında xüsusi nümayəndələr çalışırlar və öz səlahiyyətlərini layiqincə yerinə yetirirlər. Yerli icra hakimiyyəti  sistemində də müsbət nümunələr var və hesab edirəm ki, bu səlahiyyətlərin birləşdirilməsi ilə vahid idarəetmə formasına keçid çox uyğun olardı. Əsas məsələ bundan ibarətdir ki, vətəndaşların müraciətləri və onların qayğıları ödənilsin, müsbət cavablandırılsın, insanların layiqli yaşayışı və yüksək rifahı təmin edilsin. Hesab edirəm ki, bu struktur islahatları və yerli idarəetmə sistemində bəzi yeniliklər yalnız xalqımıza xeyir gətirəcəkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31