Zəngəzur gərginliyi: Rusiya Azərbaycana bu zərbəni hazırlayır

Rusiya Xarici İşlər Nazirliyi Zəngəzurdan keçən kommunikasiya yollarının bərpası zamanı bölgədəki rus sərhədçilərinin mövcudluğunun nəzərə alınmasının vacibliyini vurğulayıb. Bu barədə Rusiya XİN-in İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev  Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış üçtərəfli bəyanatı şərh edərkən deyib.

O qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaları hələ də aktual hesab edir.

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Rusiyanın Vaşinqtonda imzalanan sənədə səssiz qalmayacağı əvvəldən bəlli idi:

"Rusiyanın özünə görə haqlı səbəbləri var və Vaşinqton görüşündən sonra rəsmi şəxslər bunu açıq şəkildə ifadə edirlər. Bununla, Rusiya faktiki olaraq Vaşinqton sənədinin hüquqi əsasının olmadığını deyir. Görünür, məqsəd məsələni hüquqi aspektdə dolaşığa salmaq və qeyri-müəyyənlik yaratmaqdır".

fuzuli qurbanov

Analitik hesab edir ki, Rusiyanın bundan sonrakı addımlarına diqqət yetirmək lazımdır:

"Rusiya Zəngəzur dəhlizində 2020-ci il bəyannaməsinə uyğun status tələb edir və buna nail olmaq üçün də müəyyən addımlar atacaq. Bu addımların necə olacağını zaman göstərəcək. Hazırda Rusiya mürəkkəb geosiyasi vəziyyətin içərisindədir, ona görə də atacağı addımları yüz ölçüb, bir biçir. Mövcud şərtləri uyğunlaşdırır və özü üçün optimal variantı seçəcək".

Ekspert onu da əlavə edib ki, Rusiyada bəzi rəsmi şəxslər Azərbaycana qarşı sanksiyaların tətbiqini də müzakirə edirlər:

"Rusiyalı rəsmilər çox vaxt Azərbaycana və azərbaycanlılara yuxarıdan aşağı baxırlar, bu isə iki ölkənin münasibətlərinə mənfi təsir göstərir. Digər tərəfdən, Azərbaycan geri addım atmır. Zəngəzur dəhlizi bu və ya başqa formada açılacaq, Türk dünyası birləşəcək. Həmçinin dəhliz boyunca yaşayan xalqların hamısı fayda görəcək. Rusiya isə çətin ki, burada hansısa ciddi addım ata bilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31