Alyaska sammiti: Gərginlik, kompromis və qlobal siyasət - ÖZƏL
17:49 Siyasət"Alyaskanın ən böyük şəhərlərindən biri olan Ankoricdəki Elmendorf-Richardson hərbi bazasında Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında 15 avqust tarixində görüş keçiriləcək. Zaman fərqi səbəbindən Rusiyada artıq 16 avqust olacaq; aralarındakı fərq təxminən 21 saatdır, yəni görüşə təxminən 1 sutka qalıb."
Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:
"Görüşdə əsasən Ukrayna məsələsinin müzakirə olunacağı gözlənilsə də, mən hesab edirəm ki, təkcə Ukrayna deyil, dünyanın digər əsas problemləri də gündəmə gələcək. Bunlara Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərq məsələləri, İran, Çin və hətta Cənubi Qafqaz mövzuları daxildir. Ukraynanın taleyi digər məsələlərlə bağlı ABŞ-Rusiya razılığından asılı olacaq. Donald Tramp açıq şəkildə bəyan edib ki, Rusiya ilə bir sıra məsələlərdə razılığa gəlmək istəyir. Yaxın Şərqdə və İran mövzusunda, eləcə də Çinlə bağlı, ABŞ Rusiyanın müəyyən mövqelərini qəbul etməsini gözləyir. Əgər Rusiya razılıq versə, Ukrayna məsələsinin həlli daha qısa müddətdə reallaşa bilər.
Bununla belə, görüş zamanı bütün məsələlərdə razılığın əldə olunacağını düşünmürəm. Qlobal vəziyyət hazırda mürəkkəbdir və yeni dünya düzənini formalaşdırmaq prosesi çox gərgin mərhələdədir. Görüşdən sonra Avropa liderləri və Ukrayna Prezidenti Zelenski Trampla onlayn görüş keçirərək ona təsir göstərməyə çalışa bilərlər, amma bu, onun qərarlarını tam olaraq dəyişdirəcəyinə zəmanət vermir. Donald Tramp istənilən anda qərar verə bilən bir liderdir və onun qərarları Avropa liderlərinin və Ukraynanın maraqlarına zidd ola bilər.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin taleyi və Ukraynanın ərazi bütövlüyü digər məsələlərdən, xüsusilə İran və Çinlə bağlı regional məsələlərdən asılı olacaq. Tramp görüş zamanı Rusiyanın müharibəni dayandırmasına çalışacaq, çünki o, Nobel Sülh Mükafatını qazanmaq istəyir. Bu görüş, həm də uzun müddət sonra Tramp ilə Putin arasında keçirilən ilk görüş olduğundan, tarixi əhəmiyyət daşıyır."
İbrahim Məmmədli