“Zəngəzur planına Rusiyanın sərhəd oyunu keçməyəcək” – Elçin Xalidbəyli – ÖZƏL

"Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin dayanması, Zəngəzur dəhlizinin açılmasına hər hansı bir əngəl törədə bilməz. Çünki Rusiya sərhədçilərinin səlahiyyətləri Ermənistanın sərhədlərini qorumaq öhdəliyi ilə məhdudlaşır. Onların işi sərhədi qorumaqdır və bundan artıq hər hansı bir səlahiyyətə və ya hüquqa malik deyillər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın daxili və xarici siyasətinə müdaxilə etmək hüququ yoxdur. Eyni zamanda, Rusiya sərhədçilərinin Zəngəzur dəhlizi və yaxud digər hansısa geoiqtisadi layihənin reallaşmasına münasibət bildirmək, müdaxilə etmək və ya mövqe ortaya qoymaq kimi hüquqları mövcud deyil. Onların səlahiyyətləri yalnız sərhəd xəttində dayanıb sərhətin qorunması ilə məhdudlaşır.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya bu mövzunu gündəmə gətirərək Ermənistana xatırladır ki, "mən buradayam" və Zəngəzur bölgəsində mənim sərhədçilərim var. Bununla da Rusiyanın məqsədi Zəngəzur dəhlizi layihəsinə hansısa formada qoşulmaqdır. Bu isə əslində çox absurd, məntiqsiz və heç bir əhəmiyyəti olmayan bir mövzudur. 
Birincisi, Rusiya sərhədçiləri Zəngəzur dəhlizinin (Tramp  yolu) açılması prosesinə hər hansı müdaxilə edə bilməz. İkincisi, hətta Avropa Birliyi sərhədçilərinin Rusiya sərhədçilərinə müdaxilə etməsinə belə ehtiyac qalmaya bilər. Çünki böyük ehtimalla, Zəngəzur dəhlizinin  (Tramp  yolu) inşası prosesi başladıqdan sonra ABŞ-nin istəyi ilə Ermənistandakı Rusiya sərhədçiləri İran-Ermənistan sərhədindən çıxarılacaq. Bunun nümunəsi mövcuddur. Vaxtilə İrəvan hava limanında Rusiya sərhədçiləri fəaliyyət göstərirdilər. Bayden administrasiyası dövründə Ermənistana ABŞ-nin hərbi yardımları və daşıdığı hərbi yüklər məhz Rusiya sərhədçilərinin nəzarətindən keçirdi. Daha sonra qərara alındı ki, İrəvan hava limanından Rusiya sərhədçiləri çıxarılsın və bu proses onların nəzarətindən kənarda qalsın. Bu, ABŞ-nin istəyi ilə həyata keçirildi və eyni proses Ermənistan-İran sərhədində də təkrarlana bilər. ABŞ-nin istəyi ilə Rusiya sərhədçiləri buradan çıxarıla və bunu Ermənistan sərhədlərini öz gücü ilə qorumaq istəyi ilə izah edə bilər. Arada mövcud olan müqavilənin pozulma ehtimalı da qətiyyən istisna deyil.

"Əgər Rusiya bu məsələni çox qabardarsa, hətta qabartmasa belə, böyük ehtimalla Rusiya sərhədçiləri Zəngəzur bölgəsindən çıxarılacaq," - deyə siyasi şərhçi əlavə edib. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31