"Kabanovun ittihamları absurddur – gərginlik səbəbkarı Rusiyadır" - Turan Rzayev - ÖZƏL

Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri Kirill Kabanov Azərbaycanı hədəfə alıb. Kabanov Telegram kanalında Ukraynada Azərbaycan şirkətlərinə məxsus neft obyektlərinə "hədəfli zərbələr" endirilməsini təklif edib. O, Bakının  artıq  Moskvaya əvvəlki kimi dost münasibət göstərmədiyini, əsas tərəfdaş kimi Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı seçdiyini iddia edib. 

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki,  bu ittihamlar absurdur, günahkar Rusiyadır: 

" Öncə  onu qeyd etmək lazımdır ki, Kabanov və onun kimi şəxslər ciddiyə alınacaq şəxslər deyillər. Çünki bu şəxslər faktiki olaraq ipli kukladırlar. Kremlin təlimatlarını, tezislərini yerinə yetirən troll şəbəkəsinin aktiv üzvlərindən başqa birisi deyillər. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin gəldiyi bu nöqtənin yeganə günahkarı rəsmi Kremldir, rəsmi Moskvadır. Azərbaycan təyyarəsini vuran Rusiya, sonraki proseslərdə gərginliyi artıran Rusiya,  Azərbaycan deputatlarını geri çevirən yenə Rusiya oldu. Yəni bütün bu proseslərin səbəbkarı Rusiyadır. Amma seçim etdiyi deyilən, tərəf dəyişəcəyi deyilən, dost olmadığı deyilən Azərbaycan. Bu nə dərəcədə doğru yanaşmadır? Əlbəttə ki, absurddur və faktik olaraq deyə bilərəm ki, Azərbaycan bu gün mövqeyini demək olar ki, dəyişdirməyib. Əvvəldən bəri Avropa İttifaqı, ABŞ  və Çinlə münasibətlərimiz olub, Rusiya ilə münasibətlərimiz də daha yaxşı olub. Əslində burada düşünməsi lazım olan tərəf Rusiyadır: nə baş verdi ki, Azərbaycan belə bir addım atmağa başladı, deyildiyi kimi mövqeyində dəyişikliklər etdi. Amma məsələn, Rusiyadan fərqli olaraq, İranda bunu edənlər var və prezident Məsud Pezeşkian ictimaiyyətə sual verdi ki, " biz harada səhv etmişik ki, Azərbaycan İsraillə bu qədər yaxşı münasibətlər qurub, amma bizlə yox".  Eyni sualı Rusiya da verilə bilər, amma Rusiyada buna dair konkret bir mövqe görünmür. Əksinə, gərginliyi davam etdirirlər. O baxımdan Kabanovun açıqlamalarının real təsiri olmayacaq. İndi Ukrayna ərazisində müəyyən obyektlərə zərbələr endirilib, amma bu müharibə zonasındadır və Azərbaycan bunun belə olacağını əvvəlcədən hesablayıb, risk faktorlarını nəzərə alıb. Əlbəttə ki, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın həll yollarını axtaracaq.  Bugün gərginliyi artıran tərəf Azərbaycandan çox Rusiyadır. Kabanovun sözlərində qarşı tərəfdə bir aqressiya, yuxarıdan aşağı baxan bir təfəkkür açıq şəkildə özünü göstərir. Bu tonda danışıq Rusiyaya heç bir konsensus gətirə bilməyəcək və rəsmi Bakı ilə gərginliyi azalda bilməyəcək. Məsələn, Moskvanın bu cür aqressiv ritorikası regionun balansını dəyişə bilərmi? Mən hesab edirəm ki, balans artıq dəyişib və bu gün Azərbaycan Çin, ABŞ və Avropa ilə münasibətlərini inkişaf etdirir, regionda fərqli konfiqurasiyalar qorunur. Bu məsələdə Rusiyanın kənarda qalmasının ən böyük günahkarı yenə Rusiyanın özüdür. Azərbaycan bunu əvvəldən edir, amma həmişə Rusiyanın nəzərini alırdıq. Əgər bu gün nəzərə almırıqsa, burada qarşı tərəfdə problem var. Əgər məntiqli bir Rusiya varsa, onlar da eyni fikirləri Azərbaycana deyə bilərdi. Amma belə olmur, çünki Kremlin tapşırıqları istiqamətində belə davranılır. Dövlətlər bir-birini müstəqil şəkildə tanıyır. Hətta Azərbaycan və Rusiya arasında imzalanmış Moskva  bəyannaməsində də tərəflər  bir-birini bərabər səviyyədə tanıdıqları bildirir. O zaman sual yaranır: bərabər səviyyədə tanıyan ölkə niyə bu tonda danışır? Niyə yuxarıdan aşağı baxmağa çalışır? Bu ritorika davam etdiyi müddətcə, bu suallar çox veriləcək və Rusiya-Azərbaycan gərginliyi yaxın perspektivdə asanlıqla həll olunmayacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31