Trampın Sualtı Qayıq Hədəsi: Yeni Karib Böhranının Əlamətləri?- ÖZƏL

Trampın Rusiya ilə bağlı sərt çıxışı və sualtı qayıqların hərəkətə gətirilməsi iki ölkə arasında gərginliyi artırıb. Lakin ekspertlərə görə, ABŞ Donanması daxili böhran - texniki və kadr çatışmazlığı səbəbilə real gücdən uzaqdır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, Trampın atdığı bu addım, indiyə qədər verdiyi qərarlar arasında ən ciddilərindən biri hesab oluna bilər:

" Amerika Birləşmiş Ştatlarının dəniz qüvvələri dünyanın ən böyüklərindən biridir və ən yeni texnologiyalarla təchiz olunub. Dünyada bildiyim qədərilə, ən çox təyyarədaşıyan gəmi, həmçinin nüvə başlıqlı sualtı qayıqlar məhz Amerika Birləşmiş Ştatlarına məxsusdur. Rusiyanın da donanması əslində güclüdür, amma Amerika ilə müqayisədə xeyli zəifdir. Rusiya hazırda daha çox quru dövləti hesab olunur və quru qoşunlarına üstünlük verir.
Bu sahədə də say üstünlüyü Amerika tərəfinə aiddir. Yəni əslində Amerika Birləşmiş Ştatlarının bu sahəyə yanaşması heç də qeyri-ciddi hesab edilə bilməz. Müqayisə üçün qeyd edim ki, sonrakı müharibə illərində bəlkə də Rusiya və Amerika başabaş gedə bilərdi. Amma mövcud durumda ABŞ-nin təsir gücü və imkanları daha üstündür. Trampın dediyi kimi, ABŞ Rusiya yaxınlığında nüvə başlıqlı sualtı qayıqlar yerləşdirə bilər ki, bu da Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Məncə, Rusiya tərəfi bunu qeyri-ciddi qəbul etmir və məsələyə kifayət qədər ciddi şəkildə yanaşır. Əgər vəziyyət bu istiqamətdə davam etsə, Rusiya bu məsələyə daha da ciddi reaksiya verəcək. Hətta vəziyyət daha da gərginləşsə, bunu "ikinci Karib böhranı" adlandırmaq olar. Rusiya da bənzər addımlar atmağa cəhd edə bilər, amma Amerikanın səviyyəsində etməsi çətin olar.  Baltik dənizində, Qara dənizdə, Şimal buzlu okeanında, həmçinin Sakit okeanda Amerikanın bu imkanları mövcuddur və istifadə edə bilər.
Ona görə də bu, Rusiya üçün çox ciddi bir təhdiddir.  Bu prosesin davam etməsi regionda ciddi təhlükə yaradacaq. Bunun ən bariz nümunəsi Karib böhranında müşahidə olunmuşdu və oxşar bir vəziyyətlə yenidən üzləşmək mümkündür. Məhz buna görə də Trampın atdığı bu addım, indiyə qədər verdiyi qərarlar arasında ən ciddilərindən biri hesab oluna bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31