ABŞ-Rusiya ritorikası və qlobal güc balansı: Real təhlükə varmı? – ÖZƏL
15:17 SiyasətABŞ prezidenti Donald Trampın Rusiyanı hərbi dəniz qüvvələri ilə hədələməsi iki ölkə arasında münasibətlərin yenidən gərginləşdiyini göstərir. Kreml nümayəndəsi Dmitri Medvedevin sərt bəyanatlarına cavab olaraq ABŞ sualtı qayıqlarını "müvafiq bölgələrə" yönəldib. Lakin ekspertlər bildirirlər ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu gün daxili böhranla üz-üzədir - gəmi təmiri və kadr çatışmazlığı ciddi problemlər doğurur. Bu isə Vaşinqtonun real hərbi imkanları ilə ritorikası arasında fərq yaradır.
Rusiya və ABŞ arasında bu tip gərginliyin davam etməsi gələcəkdə hansı regionlarda dolayısı qarşıdurmalara yol aça bilər və bu, beynəlxalq təhlükəsizlik balansına necə təsir göstərə bilər?
"Rusiya və ABŞ rəhbərləri arasında bu gün yaşanan söz savaşı, məncə, ciddi qəbul edilməməlidir. Bu ritorika, yaxın perspektivdə real nəticələrə səbəb olmayacaq və yalnız söz səviyyəsində qalacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, lakin başqa bir məsələ var: ABŞ və Rusiya münasibətlərinin kəskin şəkildə korlanması, beynəlxalq təhlükəsizlik üçün real problemlər yarada bilərmi?
"Bəli, bu mümkündür və əslində belə bir təhlükə qaçılmaz görünür. Çünki ABŞ və onun müttəfiqləri yeni bir dünya düzəni formalaşdırmaq istəyir. Bu düzəndə isə Rusiyanın əvvəlki kimi beynəlxalq güc kimi çıxış etməsi arzu olunmur. Hətta Qərbdə Rusiyanın gələcəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur - onun parçalanması, üçüncü dünya ölkəsinə çevrilməsi və yalnız regional güc kimi fəaliyyət göstərməsi kimi ssenarilər dövriyyədədir.
Bu baxımdan, Rusiya ilə ABŞ və müttəfiqləri arasında kəskin qarşıdurmanın baş verməsi qaçılmazdır. Amma hesab edirəm ki, bu qarşıdurma hələ baş verməyib və hazırkı bəyanatlar daha çox ictimai rəyə yönəlikdir. Xüsusilə də Medvedevin verdiyi sərt açıqlamalara qarşılıq verilməsi təbiidir və gözlənilən idi".
T. Əliyev qeyd edib ki, ABŞ Hərbi Dəniz Donanması ilə bağlı səsləndirilən texniki və şəxsi heyət problemləri iddiaları isə inandırıcı deyil. Bu gün ABŞ dünyanın ən böyük hərbi büdcəsinə və ən güclü donanmasına malik dövlətdir. Belə bir orduya malik ölkədə ciddi struktur problemlərinin olması real görünmür. Bəli, istənilən böyük orduda, o cümlədən ABŞ ordusunda da təmirə ehtiyacı olan gəmilər və texnika ola bilər. Lakin bu, ümumi güc və nüfuz baxımından ABŞ ordusunun zəifləmiş olduğunu göstərmir. İş olan yerdə nöqsan da olur - bu, təbiidir. Əksinə, bu kimi hallar köhnəlmiş texnikanın planlı şəkildə istifadədən çıxarılması və yeniləri ilə əvəzlənməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda yaşlı şəxsi heyətin yeni kadrlara ötürülməsi də ordunun təkmilləşdirilməsinin tərkib hissəsidir.
Siyasi şərhçi sonda əlavə edib ki, hesab etmirəm ki, bu hallar ABŞ ordusunda və xüsusilə Hərbi Dəniz Donanmasında ciddi neqativ proseslərə işarədir. Bunlar daha çox ABŞ-yə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir və bu fikirlərin gerçəkliyə uyğunluğu demək olar ki, yoxdur.
Səidə Ramazanova