“Azərbaycan Yaxın Şərqdə yeni geosiyasi mərhələyə daxil olur” – Elçin Xalidbəyli – ÖZƏL
13:57 Siyasət"Son illərdə Azərbaycan genişmiqyaslı siyasi-diplomatik və iqtisadi-ticari münasibətlər sistemi qurmağa başlayıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, artıq ölkəmiz dünya ilə daha fəal şəkildə inteqrasiya olunur, bir çox nüfuzlu dövlətlər və önəmli regionlarla birbaşa iqtisadi əlaqələr qurur. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, qlobal məkanda siyasi iradəsinin möhkəmləndiyini göstərir. Mövcud prosesin daha da genişlənməsi üçün real perspektivlər mövcuddur.
E. Xalidbəylinin sözlərinə görə, bu istiqamətdə əldə olunan yeni anlaşmalar Azərbaycanın beynəlxalq əhəmiyyətini artırır. Belə ki, Azərbaycan yaxın zamanda Yaxın Şərqə, xüsusilə Suriyaya birbaşa enerji resursları ixrac etməyə başlayacaq. Bu, həm Azərbaycanın, həm də ixrac edilən ölkənin, yəni Suriyanın maraqlarına xidmət edən, qarşılıqlı faydalı bir əməkdaşlıq formatıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu prosesdə Azərbaycan Türkiyə ilə sıx paralellik nümayiş etdirir. Çünki Suriya hazırda müəyyən mənada Türkiyənin nəzarətində olan bir bölgə sayılır. Suriyanın bərpasında Türkiyə əsas, aparıcı rol oynayır və Azərbaycanın da Suriyaya enerji resursları ixrac etməsi onun bu prosesdə Türkiyənin müttəfiqi kimi çıxış etməsinin göstəricisidir.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan hazırda Suriyanın bərpası prosesində birbaşa iştirak edir və bu prosesdə təkcə tərəfdaş yox, həm də avangard rol oynayır. Bu isə həm geoiqtisadi, həm də geostrateji baxımdan mühüm nəticələr vəd edir. Azərbaycan üçün yeni imkanlar açılır. Suriya, ərəb ölkələri üçün potensial tranzit ölkə olmaq imkanına malikdir və bu baxımdan Azərbaycan üçün də digər ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün mühüm yollar açılır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, vaxtilə Rusiyanın təsiri altında olan Bəşər Əsəd rejimi Azərbaycana qarşı mənfi mövqe sərgiləyirdi. Lakin bu rejimin zəifləməsindən və daxili siyasi dəyişikliklərdən sonra vəziyyət dəyişib. Hazırda Suriyanın yeni hökuməti Azərbaycanla dost və tərəfdaş münasibətləri qurmağa başlayıb. Azərbaycan, hətta Suriyanın İsraillə münasibətlərinin normallaşdırılması prosesində vasitəçi kimi çıxış etməyə başlamışdır. Məlumatlara görə, artıq Bakıda Suriya və İsrail rəsmiləri arasında bir neçə görüş də baş tutub.
E. Xalidbəyli sonda bildirib ki, bütün bu amillər göstərir ki, Azərbaycan həm regional, həm də qlobal miqyasda siyasi, diplomatik, geoiqtisadi və geostrateji münasibətlər sistemini uğurla inkişaf etdirir. Bu gün Azərbaycan qlobal məkanda siyasi iradəsi qəbul edilən və fikirlərinə ciddi yanaşılan bir dövlətə çevrilib. Bu, ölkəmizin son illərdə qazandığı ən böyük nailiyyətlərdən biridir.
Səidə Ramazanova