Bakıda Suriya-İsrail görüşü - Danışıqlarda hansı mesajlar verilib?
13:09 SiyasətXəbər verdiyimiz kimi, Suriyanın xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakı şəhərində görüş keçirilib.
Görüş təhlükəsizlik baxımından qapalı formatda təşkil olunub və tərəflər bir sıra regional məsələləri, o cümlədən Yaxın Şərqdə gərginlik, Suriya-İsrail münasibətlərini müzakirə ediblər.
Bəzi mənbələr görüşün iyulun 31-də keçirildiyini bildirib. Rəsmi mənbələr isə hələ ki, görüşlə bağlı açıqlama verməyib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, görüşün ikinci dəfə Bakıda keçirilməsi iki ölkə arasında ziddiyyətlərin aradan qaldırılması ilə bağlı müəyyən ümidlər yaradır.
Olaylar.az xəbər verir ki, Musavat.com-a şərhində M.Məmmədli vurğulayıb ki, Suriya və İsrail arasında kifayət qədər ciddi problemlər var:
"Xüsusilə Suriyanın cari vəziyyəti və gələcəyi ilə bağlı hər iki ölkənin tamamilə fərqli baxış bucağı var. Aralarında kifayət qədər fikir ayrılığı ola ölkələri qısa müddətdə barışdırmaq xeyli çətindir. Azərbaycan Yaxın Şərqdə də sülhün və əmin-amanlığın bərqərar olunmasına çalışır. Bu, Azərbaycanın özünün təşəbbüsüdür. Azərbaycan tərəfdaşlıq etdiyi ölkələr arasında münasibətlərin qaydasında olmasının tərəfdarıdır. Əgər münasibətlər qaydasında deyilsə, Azərbaycan problemlərin aradan qalxmasını istəyir.
İsrail Azərbaycanın strateji tərəfdaşıdır. O cümlədən ölkəmiz Suriyanın yeni hökuməti ilə münasibətləri dərinləşdirir. Suriya-Azərbaycan münasibətlərində tamamilə yeni səhifə açılır. Azərbaycan Suriyanın yenidən qurulmasında, enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Bir sözlə, Azərbaycanın hər iki ölkə ilə kifayət qədər yüksək səviyyəli münasibətləri var.
Bu günə qədər Bakıda yalnız Suriya və İsrail deyil, Suriya və Türkiyə rəsmiləri arasında da görüşlər keçirilib.
Düşünürəm ki, Suriya-İsrail arasındakı problemlərin həlli istiqamətində kövrək də olsa, müəyyən addımlar atıla bilər".
Mətin Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan orta güc olaraq kifayət qədər fəal xarici siyasət həyata keçirir:
"Diplomatiyamızın əsas istiqamətlərindən biri müxtəlif tərəflər arasında barışdırıcılıq missiyası ilə çıxış etmək, danışıqlara ev sahibliyi etməkdir.
Azərbaycan yalnız regionda deyil, daha böyük coğrafiyada sülhün, əmin-amanlığın bərqərar olmasında maraqlıdır. Eyni zamanda qarşı duran tərəflərin Bakıda danışıqlar aparması, Azərbaycanın təklifini qəbul etməsi, Azərbaycan platformasını qəbul etməsi, ölkəmizin orta güc olaraq nüfuza malik olmasının təsdiqidir. Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlərdə rolunun artması deməkdir.
Hesab edirəm ki, Azərbaycanın həm fəal diplomatiyası, həm də malik olduğu resurslar və potensialı ölkəmizin müxtəlif qarşı duran tərəflər üçün ev sahibliyi etməsinə geniş imkanlar yaradır".