“Rusiyanın ayrı-seçkilik siyasəti etimadı və sabitliyi təhlükə altına alır” – Taleh Əliyev – ÖZƏL
10 İyul 12:54 Siyasət"Yekaterinburq faciəsi ilə başlayan Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik bir neçə gün ərzində səngimiş, münasibətlərin normallaşması istiqamətində Rusiyanın nümayəndə heyətinin Bakıya səfər edəcəyi barədə məlumatlar mediada yayılmışdı. Lakin bu sakitlik uzun çəkmədi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan diasporunun tanınmış simalarından biri olan Elşən İbrahimovun Rusiya vətəndaşlığından çıxarılması və deportasiya olunması, bu qərarın arxasında nə qədər ciddi səbəblər olsa belə, məhz indiki məqamda icra edilməsi istər-istəməz ciddi suallar doğurur. Bu hadisə, Rusiya-Azərbaycan münasibətlərinin son vaxtlar yenidən gərginləşməsi fonunda, Rusiyada yaşayan azərbaycanlılara qarşı müəyyən qərəzli yanaşmanın, diskriminasiya və ayrı-seçkilik xəttinin mövcud olduğunu göstərir. Bu münasibət təkcə Azərbaycan dövlətinə və Rusiyada yaşayan diaspor nümayəndələrimizə qarşı deyil, eyni zamanda Rusiyanın özünə də heç bir fayda gətirməyəcək bir yanaşmadır.
Taleh Əliyevin sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı artan ayrı-seçkilik təkcə insan haqlarını deyil, həm də regionun sabitliyini və dövlətlərarası etimadı təhlükə altına alır.
"Nəzərə almaq lazımdır ki, bu gün Rusiyada yaşayan azərbaycanlılar həmin ölkə iqtisadiyyatının elə sahələrində çalışırlar ki, orada yerli əhalinin - rus vətəndaşlarının özlərinin böyük marağı və ya fəaliyyət bacarığı yoxdur. Bu sahələrdə azərbaycanlıların fəallığı, peşəkarlığı və zəhmətsevərliyi məhsul və xidmət bolluğunun yaranmasına ciddi töhfə verir. Belə bir dövrdə onların sıxışdırılması və hüquqlarının pozulması Rusiya üçün uzunmüddətli perspektivdə faydalı nəticələr vəd etmir. Bununla yanaşı, Azərbaycan dövləti də qarşı tərəfin bərabərlik və müttəfiqlik prinsiplərinə zidd davranışlarına adekvat reaksiya verə bilər. Biz artıq Yekaterinburq hadisələrindən sonra Azərbaycanda fəaliyyət göstərən və Rusiya vətəndaşlığında olan cinayətkar qruplaşmalara qarşı həyata keçirilən tədbirlərlə bunun şahidi olduq. Əgər bu proseslər davam edərsə, dövlətlərarası münasibətlərdə yeni gərginlik ocaqları, qarşılıqlı etimadsızlıq və narazılıqlar formalaşacaq. Təəssüf ki, hazırkı Rusiya hakimiyyəti Ukrayna ilə bağlı yanlış xarici siyasətindən nəticə çıxarmır. Əksinə, bu səhv yanaşma tədricən digər keçmiş sovet respublikalarına - o cümlədən Azərbaycana qarşı da sərgilənməkdədir. Bu siyasətin nəticəsində bir vaxtlar bir dövlətin vətəndaşı olmuş xalqlar arasında qarşılıqlı nifrət, gərginlik və etimadsızlıq təşviq olunur. Bu isə regionda sabitliyə deyil, yeni münaqişə və qarşıdurmaların yaranmasına zəmin yaradır".
Səidə Ramazanova