Ermənistanın Azərbaycanla sülh perspektivləri: Gərginlik və geosiyasi təhdidlər - ÖZƏL
18:59 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan "Armenpress"də dərc olunan məqaləsində Azərbaycanı Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. O, bu səbəbdən Ermənistan ordusunda islahatların aparıldığını bildirib və bunun Azərbaycana qarşı olmadığını vurğulayıb.
Paşinyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnu "Ermənistana qarşı ərazi iddiası" kimi təqdim etməyə çalışıb. Halbuki bu, beynəlxalq hüquqla təsbit olunmuş hüquqdur.
Bundan əlavə, o, Bakıda hərbi cinayətlərə görə məhkəmə qarşısına çıxarılan ermənilərdən və Azərbaycanın silahlanmasından da bəhs edib.
Mövzu ilə bağlı siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a danışıb. O bildirib ki, Ermənistan nə qədər sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirsə də, Azərbaycana qarşı iddialarına davam edir:
"Ermənistanla olan münasibətlər bugünkü gündə onu göstərir ki, Ermənistan heç cür Azərbaycanla bir yolda yürümək istəmir. Rusiya və İran ilə olan münasibətləri götürsək görərik ki, Ermənistan bu məsələlərdə, yəni regionda baş verən hadisələr zəminində heç cür Azərbaycanla nə sülh müqaviləsini bağlamaq niyyətində deyil, nə də Azərbaycana qarşı torpaq iddiasına və Azərbaycanın özünə qarşı iddialardan geri çəkilmək istəmir. Biz bilirik ki, Ermənistan həm silah, həm də iqtisadi baxımdan bir çox Avropa və Qərb ölkələrindən dəstək alır və bu dəstəyin də nəticəsi onların izah etdiyi kimi, guya Azərbaycana qarşı deyil. Ancaq biz Ermənistanda gedən bu son çıxışlarda, ümumiyyətlə gedən proseslərdə görürük ki, onların hər addımı onunla izah olunur ki, guya Qarabağ yenə də onların torpağıdır və onu geri almalıdırlar. Burada ən müşkül məsələ də odur ki, bunların belə bir yüksək səviyyədə iddiası konstitusiyada göstərilib".
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın Avropa və Amerika ilə imzaladığı bəyanatlar, xartiayalar onun müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir.
"Ermənistanın sərhəddə Amerika əsgərləri ilə doldurulması, Avropa Birliyinin guya ki, müşahidə tərkibinin orada olması və bütün bunlar, Paşinyan və Xarici İşlər Nazirinin silsilə görüşləri, Trampla görüşmək istəməsi, Fransada olan görüşləri, onların imzaladığı xartiyalar, bəyannamələr hər birisi ona dəlalət edir ki, Ermənistan bugünkü gündə Azərbaycanla hələ də müharibəyə hazırlıq əsnasındadır və hər dəqiqə Azərbaycanla müharibə eləmək istəyir. Buna hələ gücü çatmır, amma istəyi çox böyükdür ki, yenidən torpaqları geri alsın və öz qonşusu ilə normal münasibətlərdə deyil, müharibə şəraitində yaşasın. Paşinyan ikili oyunlar oynayır. Gah Qarabağın Azərbaycan torpağı olduğunu iddia edir. Türkiyəyə qarşı olan genosid məsələsini aradan qaldırmaq üçün iddia edir ki, araşdırmaq lazımdır".
Ramiyə Məmmədova əlavə edib ki, Paşinyan bir məqsədə deyil, bir neçə məqsədə qulluq edir və ikili siyasət yürüdür.
"Bunların hər biri dediyim kimi, yenə də Azərbaycana qarşı olan həmlədir. Azərbaycanın torpaq iddiasıyla regiondakı sakitliyi yox, daha çox qızışdırmaq yolunu tutub. Qərb də burada onlara dəstək verməklə öz sözünü deyir. Ona görə də bugünkü gündə Ermənistan hələ də bu xülyalarla yaşayır ki, Avropa və Qərb Ermənistana dəstək duracaq. Amma biz gördük ki, Paşinyanla Tramp görüşmədi. Ancaq bu o demək deyil ki, o görüşməyibsə, oradakı lobbi və yaxud da bundan öncə yürüdülən siyasətlərin yenidən bərpası olmayacaq və onlara dəstək gəlməyəcək. Yəni bunu demək düzgün deyil. Çünki biz fikirləşirik bizim çox ekspertlərimiz Amerika və Paşinyanın uğursuz həmlələrindən danışır, ancaq mən tərsini deyərdim ki, Paşinyan hələ ki öz istəklərinə yavaş-yavaş irəliləməklə məşğuldur. Təbii ki, bugünkü gündə regionun təhlükəsizliyi baxımından gedən bütün proseslər bizə, Türkiyəyə qarşı olduğuna görə burada gələcək üçün böyük problemlərin çıxması hər daim mümkündür. Ona görə də Paşinyanın bugünkü gündə elədiyi həmlələrə biz diqqətlə baxmalıyıq. Onun verdiyi bəyanatlar onun bilavasitə fikirləri olmur. Onun havadarlarının, Avropa Birliyində, Amerikada olan dəstəkçilərinin fikirləridir ki, bugünkü gündə o bu məsələ ilə çıxış edir. Ermənistan heç bir zaman Azərbaycan üçün dost ölkə ola bilməz. Bundan sonra da ola bilməz. Yəni qonşu ölkə ola bilər, amma dost və tərəfdaş ölkə ola bilməz".
Müsahibimiz Rusiya və Ermənistan münasibətləri ilə bağlı əsas məsələlərə də toxunub.
"Rusiyanın Ermənistana etdiyi havadarlıq da var. Rusiya ilə Ermənistanın münasibətləri nə qədər pozulsa da, biz bilirik ki, yenə də ruslar ermənilərə Azərbaycandan bir addım daha yaxındır. Çünki Rusiya hər zaman ermənilərin havadarı olub, ermənilər isə rusların əlaltısı olaraq qalıblar".
Son olaraq siyasi şərhçi bildirib ki, regionda bir çox sazişlər imzalasaq da, ancaq bizim regionda dostlarımızdan çox, bizə qarşı gələn dövlətləri görürük. Ona görə də Azərbaycan siyasətini, gələcəkdə gedəcəyi yolu da buna uyğun tutmalıdır. Bir tərəfdən İran, bir tərəfdən Rusiya, bir tərəfdən isə Ermənistandır. Bu məsələdə Azərbaycan çox diqqətli olmalı və doğru, düzgün siyasət yürütməlidir.
Səidə Ramazanova