Ermənistan üçün qurtuluş Azərbaycan və Türkiyə ilə anlaşmadan keçir - ÖZƏL
16 İyul 2024 19:02 Siyasət"Ermənistanın Amerika Birləşmiş Ştatları və bütövlükdə Qərblə bu cür yaxınlaşması, təbiidir ki, Rusiyadan qopma cəhdlərinə görədir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Ermənistan kifayət qədər uzun illər Rusiyanın arxasınca gedib, bir fayda tapmadığının fərqinə varır. Artıq onlara aydın olur ki, Rusiyadan bir fayda görə bilməyəcəklər, ona görə də Qərbə üz tuturlar və təbiidir ki, bu seçimlərinə biz qarışmırıq, qarışa da bilmərik. Öz seçimləridir, sadəcə olaraq bir yanlışlar var. Rusiyadan qopmaq istəyirlərsə, öz işləridir. Amma bizim ölkəmizdə, Ermənistanın nicatı normal bir dövlət kimi formalaşıb, ayaqda dura bilməsi Azərbaycan və Türkiyədən asılıdır. Yəni Amerika Birləşmiş Ştatlarından, Avropa ölkələrindən Ermənistana fayda yoxdur. Nə qədər onların arxasınca sürünsələr belə, Azərbaycanla Türkiyə ilə anlaşmadan heç bir şeyə nail ola bilməyəcəklər. Ona görə də yaxşı olar ki, onlar qərbdənsə Azərbaycana və Türkiyəyə üz tutsunlar, bizimlə yaxşı münasibət qursunlar. Yəni qurtuluş yolu budur. Rusiyadan qopurlar öz işləridir, biz buna qarışmırıq. Yenə deyirik, hətta Qərbə üz tuturlarsa, buna qarışmırıq. Amma bir xəbərdarlıq da etmədən keçmir ki, nicat, qurtuluş Azərbaycan və Türkiyə ilə anlaşmadan keçir. Azərbaycanla Türkiyə Ermənistanla normal münasibətlər quracağı təqdirdə o ölkə ayaqda dura biləcək. Əks təqdirdə, istər Qərb olsun, istər Quzey olsun, istər Şərq olsun, Uzaq Şərq məsələn, yaxud da ki, Hindistan olsun, bunların heç biri Ermənistan üçün xilas yolu deyil".