ABŞ-Ermənistan birgə təlimi kimə qarşıdır və nəyə hesablanıb?- ŞƏRH
16 İyul 2024 13:05 SiyasətNə məsələdirsə, təcavüzkar dövlət olan Ermənistana qaxmar çıxan dövlətlərin sayı artmaqda davam edir. Əslində həmin dövlətlərin sözü bir, əməli isə tamam başqadır. Aydın məsələdir ki, onlar Ermənistanın ala gözünə aşiq olmayıblar. Daha doğrusu bu dəstək məsələsində mütləq dövlət və maddi maraqlar var. Acınacaqlı hal isə ondan ibarətdir ki, həmin dövlətlərin sözü bir, əməli isa tamam başqadır. Əslində buna ikili standart demək olduqca yumşaq olardı. Çünki az qala dünyaya demokratiya dərsi keçməyə hazır olan super dövlətlərin Ermənistanı dəstəkləməsi əslində separatizmi, təcavüzü, terrorizmi dəstəkləmək deməkdir. Müasir dünyada isə bunun bir adı var-müstəmləkəçi dövlətin ənənəvi siyasəti.
Avropanın, xüsusən Fransanın, eləcə də Avropa institutlarının indiyə qədər yürütdükləri "binokl diplomatiyası" heç bir səmərə vermədi. Azərbaycan tərəfinin həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqlı olması yürüdülən kollektiv Avropa siyasətini darmadağın etdi. Ölkəmizin Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı irəli sürdüyü təşəbbüslər, qalib dövlət olmasına baxmayaraq sülh sazişi üçün təqdim etdiyi təkliflər ermənilərin himayədarlarının məkrli siyasətinin reallaşmasını mümkünsüz etdi. Lakin diplomatik baxımdan dalana dirənən xarici güc mənsubları indi də təzyiq və təhdid metodunu seçiblər. Ermənistan da "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimlərinin keçirilməsinin də xoş niyyət daşımadığı gün kimi aydındır.
Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimin açılış mərasimində ölkənin müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər. Sözsüz ki, Ermənistan belə bir tədbirin keçirilməsinin daim arzusunda olub və qarşılıqlı əməkdaşlıq baxımından bunu yüksək qiymətləndirir. Ancaq, separatçı dövlətlə belə bir təlimin keçirilməsi şübhəsiz ki, üçüncü dövlətə qarşı təhdiddir. ABŞ belə bir tədbirlə həm separatçı dövlətə dəstək vermiş, həm də Cənubi Qafqaz siyasətini korrektə etmiş olur. Bununla ABŞ Ermənistanı militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirir, bu ölkədə revanşist meyllərin fəallaşmasına təkan verir. ABŞ-nin bu ikili siyasətinin pərdəarxası məqamları hələ də açılmamış qalır. Belə ki, bir tərəfdən sülh çağırışı edən Amerika digər tərəfdən təcavüzkara hərbi və mənəvi dəstək verir. Məlumat üçün qeyd edək ki, ABŞ-nin "təlim siyasıti" birinci dəfə deyil. Hazırki ssenari 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamıdır. Maraqlıdır, Ermənistan sülhə yaxın olduğu, məğlub dövlətin özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı olaraq qaldırırlar. Azərbaycan regionda dayanıqlı təhlükəsizliyin təmin olunması məqsədilə təşəbbüslə çıxış etdiyi halda, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır. Onsuz da bütün region üçün böyük təhlükə kəsb edən Metsamoru daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problenlər nəzərə alınmır.
Söhbətin regionun təhlükəsizliyindən getməsinə baxmayaraq, nə Rusiya, nə də İran hələki ortaya konkret mövqe qoymayıblar. Rusiya özünün varlığını, regionda hegemon dövlət olduğunu nümayiş etdirmək məqsədilə arada bəyanatlar verdiyi halda, rəsmi Tehran ümumiyyətlə səsini çıxartmır. NATO artıq regionu zəbt etmək astanasındadır, İran isə susmağa üstünlük verir.
Alim