Azərbaycan regionda siyasi-diplomatik gündəliyi müəyyənləşdirən dövlətdir- ÖZƏL

"Cənab Prezidentimiz İlham Əliyevin ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən söylədiyi  üç məsələ dövlətimizin  xarici siyasət məsələlərində keçdiyi möhtəşəm yoldan və indiki qüdrətindən xəbər verir".
 

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, onlardan birincisi, Azərbaycan  Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın "Troyka"sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik olan ölkə kimi elə qüdrətə çatıb ki, müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəkdir.

Bu o deməkdir ki,  barışdırıcı, birləşdirici güc dövləti halına gəlmiş Azərbaycan Avropa İttifaqının  digər ölkələrlə gərgin münasibətlərini yumuşalda bilər. Azərbaycan körpüləri yandıran deyil, körpülər quran dövlətdir: 
 "İkincisi,  Azərbaycan dövləti inkişaf etməkdə olan kiçik ada dövlətlərinin hüquqlarını qorumağı xarici siyasətinin prioritet istiqamətlərdən biri hesab edir. Bu o deməkdir ki, bir neçə il əvvəl özü çətin vəziyyətdə olan, hüquqlarının qorunmasından ötrü xarici ölkələrdən diplomatik-siyasi yardımlar uman Azərbaycan problemlərini özü həll edib və indi elə bir səviyyəyə gəlib çatıb ki, artıq inkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə edir. Belə fəaliyyət yeni müstəmləkəçilik siyasəti yürüdən, Cənubi Qafqazı yenidən qarışdırmağa çalışan nüvə dövləti Fransaya və digər ölkələrə yerini göstərməkdir. Dövlət başçımız tariximizdə ilk dəfə olaraq "topu" ərazimizdən çıxararaq sərhədlərimizdən kənara atıb və meydandakı oyunu idarə edir..
     Üçüncüsü, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu vurğulayan cənab Prezidentimiz  Ermənistanla sülh sazişinin imzalanması məsələsinə bir daha aydınlıq gətirdi. Bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliklər etməli və Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoymalıdır. Məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları hələ də qalır, 1989-cu il 1 dekabr tarixli qərar və digərləri indiyədək ləğv edilməyib.  
    Görüş bir daha göstərdi ki, regionda siyasi-diplomatik gündəliyi müəyyənləşdirən Azərbaycan  dövləti beynəlxalq aləmdə təsirli rola malikdir. Ölkəmizi bu səviyyəyə gətirib çıxaran cənab Prezidentimizin siyasətidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31