Uğurlu xarici siyasət ölkəmizin nüfuzunu artırıb- ÖZƏL
15 İyul 2024 10:29 Siyasət"Ölkəmizin nümunəvi və uğurlu siyasət apardığı sahələrdən biri də xarici siyasətdir. Müəllifi möhtərəm prezidentimiz cənab İlham Əliyev olan bu siyasətin nəticəsidir ki, ölkəmizin dünya miqyasında nüfuzu günbəgün artmaqda, mövqeyi daha da güclənməkdədir və Azərbaycana beynəlxalq arenada böyük etimad vardır. Eyni zamanda ölkəmiz dünya ölkələri ilə əməkdaşlığını daha da dərinləşdirməklə yanaşı beynəlxalq təşkilatlarla da yaxından və səmərəli əməkdaşlıq edir, üzv olduğu təşkilatlar daxilində nümunəvi fəaliyyəti ilə seçilir, sülhə və inkşafa hesablanmış təşəbbüslər irəli sürür. Belə təşkilatlardan biri də dünya miqyasında böyük nüfuza malik bir təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak etdi".

"Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Liderinin belə mötəbər, beynəlxalq əhəmiyyətli və yüksək səviyyəli tədbirə dəvət olunması Azərbaycanın və Dövlət Başçımızın yüksək nüfuzunun göstəricisidir: "Tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin təşkilat dövlətləri ilə uğurlu əməkdaşlığı haqqında məlumat verdi. Çıxışında yeni iqtisadi imkanlar haqqında danışan cənab Prezident İlham Əliyev qeyd etdi:
"Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir". Əlbətdə bütün bunlar onu deməyə əsas verir ki bundan sonra ölkəmizin əhəmiyyəti artacaq və təşkilata üzv dövlətlərlə əməkdaşlığımız daha da dərinləşəcəkdir.
Daha sonra Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycanın beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyini bildirdi: Ümumiyyətlə Azərbaycan Ordusu istər İkinci Qarabağ Müharibəsində istərsə də anti terror əməliyyatları zamanı Ermənistanla münasibətdə ən yüksək səviyyədə humanistlik nümayiş etdirdi. Azərbaycan tərəfi heç zaman müharibə tərəfdarı olmamış, bütün məsələləri sülh yolu ilə həll etməyə çalışmışdır. 30 il dözdük, səbr etdik lakin Ermənistan tərəfi bütün bunlardan nəticə çıxarmadı. Təəssüf ki, dünya ictimaiyyəti də bütün bunlara, bu ədalətsizliyə göz yumurdu. Əlbətdə belə bir şəraitdə Azərbaycanın başqa yolu qalmadı və ölkəmiz öz haqq savaşına başladı. Sülh dövləti olan Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquq çərçivəsində olmuşdur. Bir məqamı da vurğulamaq istərdim ki, bu cür beynəlxalq tədbirlər digər əhəmiyyəti ilə yanaşı həm də mövcud həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir".
Alim Hüseynli
Olaylar.az