Heydər Əliyevin xalqı vahid ideologiya ətrafında birləşdirmək üçün atdığı ilk addım azərbaycançılıq ideyası oldu
7 İyun 2024 12:44 Siyasətİstiqamət: azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
"İndi çoxları azərbaycançılıq haqqında danışır, Ulu Öndərin bu ideyası ilə bağlı fikirlər səsləndirir. Amma xüsusən də yetişməkdə olan gənc nəslin bunun haradan, necə meydana gəldiyi haqqında o qədər də təsəvvürü yoxdur. Ordan-burdan əlbəttə oxunur, hansısa əhvalatlar, hadisələr, hekayələr dinlənilir. Amma məhz bu proseslərin içində olan adamların şahidi olduqlarını eşitmək mənə elə gəlir ki, daha maraqlı və gərəkli ola bilər. Yəni o baxımdan özümü xoşbəxt hesab edirəm ki, azərbaycançılıq ideyasının bütün azərbaycanlıları yalnız Azərbaycan Respublikasında deyil, dünyanın hər tərəfində bir araya gətirməsinin necə bir proses olduğunu şəxsən özüm görmüşəm".
Bu sözləri Olaylar.az-a Azərbaycanda ümummilli lider Heydər Əliyevin irsinin, onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirilməsinin azərbaycançılığın təbliğində əhəmiyyəti haqqında fikirlərini şərh edərkən siyasi ekspert Azər Həsrət deyib.
"Söhbət 1990-cı illərdən gedir. Bilirsiniz ki, Azərbaycan öz müstəqilliyi yolunda addımlayırdı. SSRİ kimi nəhəng bir imperiya darmadağın olmaqda idi. Artıq 1991-ci ildə Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq özünün müstəqiliyini bərpa etmişdi. Təbiidir ki, belə bir dövrdə Azərbaycanda xalqları, millətləri qarşı-qarşıya gətirmək, bizi zəiflətmək, ümumiyyətlə, pərən-pərən salmaq üçün düşmən qüvvələri boş dayanmırdı və təəssüflər olsun ki, Azərbaycanın önündə gedən insanlar da bu təhlükəni yetərincə dəyərləndirə bilmirlər. Ona görə də, gərəksiz yerə ifrat türk millətçiliyini qabardaraq, başqa millətləri qıcıqlandıran hərəkətlərə yol verilirdi. Yəni, əlbəttə ki, bu qədər çətinliyin, problemin içində olan ölkədə belə ifrat millətçiliyə yer yox idi, olmamalı idi. Ona görə də, Azərbaycan torpaqlarına göz dikmiş işğalçı Ermənistan vəziyyətdən öz xeyrinə istifadə etdi. Bir tərəfdə ölkə içindəki hərcmərclik, narazılıq, xalqın ümumi fikrə gələ bilməməsi, digər tərəfdən də müstəqilliyin gətirdiyi çətinliklər işığında Ermənistan Azərbaycan torpaqlarını işğal etməyi bacardı. Bax, məhz həmin dövrdə ulu öndər Heydər Əliyev o vaxtkı prezident Əbülfəz Elçibəyin dəvəti ilə Naxçıvandan Bakıya gəldi. Daha sonra, yenə də Əbülfəz Elçibəyin könüllü getməsindən sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməyə başladı və ardından da 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi ilə Azərbaycan prezidenti seçildi.
Heydər Əliyevin xalqı tək yumruq kimi vahid ideologiya ətrafında birləşdirmək üçün atdığı ilk addım məhz azərbaycançılıq ideyasının cəmiyyətə təqdim olunması oldu. Yəni o, etnik mənsubiyyətindən, dini kimliyindən asılı olmayaraq, hamımızı birləşdirə biləcək bir dəyər kimi azərbaycançılığı önə sürdü. Ondan sonra artıq o ifrat milliyyətçilik yelləri səngiməyə başladı. Yəni biz türk kimliyimizi, əlbəttə, qoruyuruq. Şəxsən mən bu gün də türk milliyyətçisiyəm, amma o dövrdə bizim önümüzdə gedənlər bunu elə ifrat şəkildə təqdim edirlər ki, bu da istər-istəməz türk olmayan Azərbaycan vətəndaşlarında qıcıq yaradırdı və həmin qıcıqdan da bizim bədxahlarımız istifadə edirdi. Yəni müdrik liderlər bunu görməli idilər, amma görmələri üçün müdriklikləri yetmədi. Ona görə də ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dərhal bunu gördü, fərqinə vardı. Əslində qalanda əvvəlcədən də görürdü. Sadəcə əlində səlahiyyət yox idi deyə hərəkət etmək imkanları da yox idi. O, bunu gördü və aradan qaldırmaq üçün hərəkətə keçdi. Məhz bundan sonra Azərbaycanda azərbaycançılıq bir dövlət ideologiyası olaraq cəmiyyətə təqdim edildi. Yəni etnik mənsubiyyətə görə süni də olsa ayrı-seçkilik yaratmaq istəyənlərin əl-qolu bağlandı.
Bax, azərbaycançılıq bu deməkdir. Yəni azərbaycançılıq özündə nəyi ehtiva edir? Əlbəttə ki, burada birinci və əsas məsələ Azərbaycan Respublikasının vətəndaşı olan, bu və ya digər şəkildə Azərbaycan Respublikasına bağlı olan, yaxud da ki, tarixi Azərbaycan torpaqlarına bağlı olan hər kəsin özünü azərbaycanlı hiss etməsidir. Söhbət sadəcə Azərbaycan Respublikasının ərazisindən getmir. Bununla bərabər, Güney Azərbaycandan söhbət gedir, Gürcüstanın içərisində Borçalı mahalından söhbət gedir, Dağıstanda Dərbənddən söhbət gedir... Əlbəttə ki, ümumiyyətlə, bizi əhatə edən böyük coğrafiyada Qərbi Azərbaycandan söhbət gedir və hətta qardaş Türkiyədə, Güney Anadolu dediyimiz bölgələrdən söhbət gedir. Yəni buranın insanları özlərini azərbaycanlı sayırlar, hiss edirlər və bu ideologiya da bu qədər böyük coğrafiyada bizi birləşdirir.
Təbiidir ki, saydığım coğrafiyada, coğrafiya xaricində də, dünyanın hər tərəfinə səpələnmiş Azərbaycan kökənli insanlar özünü azərbaycanlı sayır və nəticə nədir? Nəticə də odur ki, bu gün məsələn, Moskvada oturmuş Azərbaycan əsilli yəhudi millətindən olan milyarder 44 günlük Vətən savaşında bizə açıq şəkildə dəstək verir. Yəni, o, özünü bir azərbaycanlı hiss edir, yaxud da ki, Avropada, Amerikada oturmuş qeyri-türk azərbaycanlılar özlərinə borc bilirlər ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına fayda versinlər. Görürsünüzmü, bu ideologiya bizi nə qədər yaxınlaşdırıb, nə qədər birləşdirib. Eyni zamanda, türk olmayan azərbaycanlılar da artıq özlərini sıxışdırılan ikinci dərəcəli hiss etmirlər. Onlar böyük Azərbaycan xalqının bir parçası olduqlarının fərqindədirlər. Ona görə də yenə də misal çəkirəm, 44 günlük Qarabağ savaşında türk çoxluğuyla bərabər talış, ləzgi, tat, avar, kürd, rus, yəhudi azlıqlarımız da eyni dərəcədə vuruşdular, Vətən torpaqlarını azad etdilər. Nə idi onları hərəkətə gətirən? Əlbəttə ki, azərbaycanlı olmaq hissiyyatı, duyğusu idi. Ulu öndər Heydər Əliyev illər öncə belə bir ideologiyanı ortaya gətirməklə xalqın bir yumruq kimi birləşməsinə və ən çətin problemlərin həllində birgə hərəkət etməsinə səbəb olmuşdur.
Əlbəttə ki, bəzən bəzi dostlarımız bu cür məsələlərlə bağlı mübahisə edirlər ki, bəs bizim türklüyümüz, türk millətçiliyimiz? Mən o cür adamlara həmişə deyirəm ki, şəxsən mən özüm türk milliyyətçisiyəm heç kim bizim türk milliyyətçiliyimizi inkar etmir. O cümlədən də, azərbaycançılıq ideologiyası bizim türk milliyyətçiliyimizə qarşı deyil. Sadəcə olaraq dediyim kimi, 1990-cı illərdə bir ifrat milliyyətçilik vardı, başqalarını inkar etmə milliyyətçiliyi vardı. Düzdür, bu da çox geniş yayılmamışdı, amma az da olsa vardı, o da istər-istəməz qeyri-türklərdə qıcıq yaradırdı və düşmənlərimiz də bundan əleyhimizə istifadə edə bilirlər.
Qeyd etmək istədiyim odur ki, Heydər Əliyev azərbaycançılıq ideologiyası ilə həm bizim türk milliyyətçiliyimizin ayaqda tutulmasına şərait yaratdı, həm də ki, Azərbaycan xalqının dünyanın harasında olmasından asılı olmayaraq, vahid, tək bir yumruq kimi birləşməsinə səbəb oldu.
Bu gün Prezident İlham Əliyevin bir dövlət rəhbəri, Müzəffər Ali Baş Komandan olaraq yürütdüyü siyasət də məhz o ideologiyanın üzərindədir. Məhz o ideologiyaya söykəndiyinə görə, İlham Əliyevin uğurları ard-arda gəlməkdədir. Yəni o, elə böyük uğurlara imza atır ki, həmin uğurları biz azərbaycançılıq ideologiyası olmadan çətin ki, əldə edə bilərdik. Yəni deməyim odur ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası ilə bağlı əkdiyi toxumlar çox qısa müddətdə bar verdi, verdiyi barın üzərində qurulmuş bir dövlət özünün ən çətin problemlərini çox rahat bir şəkildə həll etməyi bacardı və əlbəttə ki, İlham Əliyevin sayəsində.
O baxımdan düşünürəm ki, azərbaycançılıq ideologiyası bizim üçün bir millət olaraq, ən azından indiki dövrdə bir qurtuluş, xilas kəməri rolunu oynadı. Yəni biz ondan istifadə edərək bütövləşdik, birləşdik qüdrətə çevrildik və liderimizin, sağlığında ulu öndər Heydər Əliyevin, indi də Prezident İlham Əliyevin başçılığı altında dövlətimizi bu qədər yüksəyə gətirib çıxara bildik".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.