Bizdə dünyaya nümunə olacaq şəkildə dinlərarası, mədəniyyətlərarası harmoniya var-Mübariz Göyüşlü- ÖZƏL
3 May 2024 16:48 Siyasət"Azərbaycan xalqı neçə əsrlərdir ki, hər zaman öz dinc, birgəyaşayışı ilə nümunə olub. Burda müxtəlif millətlərə, dinlərə mənsub insanlar tarixən birgəyaşayışda bir-birlərinə qarşı tolerant, dözümlü, anlayışlı münasibət göstəriblər. Bir-birinin adət ənənəsinə, dini inancına hörmətlə yanaşıblar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib
"Ona görə də bizdə dünyaya nümunə olacaq şəkildə dinlərarası, mədəniyyətlərarası, xalqlar arasında harmoniya var. Burda yaşayan insanlar arasında etnik qruplar, dinlərin təmsilçiləri bir ailə kimi mövcuddurlar. Zaman-zaman bu mövcudluğa kənardan müxtəlif müdaxilələr edərək onu pozmağa, sarsıtmağa çalışıblar. Bu gün də belələri var. Hətta İkinci Qarabağ müharibəsində düşmən Ermənistan belə Azərbaycandakı xalqların arasında nifaq toxumu səpməyə cəhd göstərmişdi. Bunların heç biri alınmadı, hətta əksi oldu. Həmin xalqların hamısından qəhrəman oğullarımız döyüşdə iştirak etdilər. Demək olar ki, Azərbaycandakı bütün xalqların nümayəndələrindən şəhidlərimiz, qazilərimiz var. Bizləri birləşdirən ən böyük amal və ideya Azərbaycançılıq, Azərbaycan dövlətidir. Onun varlığı, suverenliyi, ərazi bütövlüyü, müstəqilliyidir. Bu ideya ətrafında bütün xalqlar, dinlərin təmsilçiləri birləşirlər. Mən hesab edirəm ki, Azərbaycan öz daxilində olan gözəl ənənəni təbliğ etmək üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiririr. Bu forumda müsbət ənənəni təqdim etmək vacibdir. Bu foruma gələnlər vasitəsiylə Azərbaycan ənənəsini dünyaya çatdırmaq lazımdır. Azərbaycan bu ənənəni təkcə öz daxilində saxlamağa çalışmır, təbliğ edir. Dünyada mədəniyyətlərarası dialoq, harmoniya olması üçün belə səviyyəli fəaliyyətlər gerçəkləşdirir ki, problemləri stol arxasında çözək. Gərginlik, müharibələr, silahlarla deyil. Əlbəttə, bunun nə dərəcə effektiv olduğunu gələcək göstərəcək. Amma ən azından biz bu cəhdi edir və bu çalışmaları ortaya qoyuruq".