"Ümumilikdə, Azərbaycan prezidentinin bu çıxışı bir daha Azərbaycan dövlətinin mövqelərinin qəti və aydın şəkildə ifadəsi oldu”- ÖZƏL
24 Aprel 2024 22:55 Siyasət"Cənab Prezident təbii ki, həmişə olduğu kimi, indi də ADA-da keçirilən Beyin Mərkəzləri Forumunda açıq və birmənalı fikirlər səsləndirdi, Azərbaycan dövlətinin bütün məsələlərlə bağlı mövqeyini açıq şəkildə ifadə etdi, özəlliklə də Ermənistanla tənzimləmə məsələlərinə aydınlıq gətirdi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ümumiyyətlə, prezident bu dəfə də ifadə etdi ki, Azərbaycan dövləti heç bir dövlətlə, o cümlədən də Ermənistanla münaqişə vəziyyətində qalmaq istəmir. Yəni bizim məqsədimiz hansısa dövlətlə münaqişə şəraitində yaşamaq deyil, əksinə, mümkün olduqca, bütün qonşu dövlətlərlə, uzaq dövlətlərlə də dost şəraitində yaşamaqdır.
Bu məsələnin bir tərəfi, digər tərəfdən də cənab Prezident, xüsusi olaraq Fransa və Hindistanla bərabər Yunanıstanın da Ermənistanı silahlandırmasından danışdı. Bunu ayrıca vurğulaması da təsadüfi deyil. Çünki bilirsiniz ki, Yunanıstan da Ermənistanla bərabər istər Türkiyəyə münasibətdə, istərsə də Azərbaycana münasibətdə həmişə təəssüflər olsun ki, qeyri-konstruktiv mövqe nümayiş etdirib. Özəlliklə Türkiyəyə qarşı bu münasibətin özünü qabarıq şəkildə göstərib, Azərbaycanla bağlı daha hiyləgər davranmağa çalışsalar da, anti-Azərbaycan mövqelərini heç vaxt gizlətməyiblər və təbiidir ki, belə bir şəraitdə, üstəlik də durub Ermənistana hərbi yardımlar edirlər. Yaxud da ki, Ermənistanla hərbi işbirliyini dərinləşdirirlər. Cənab prezidentin bu məsələni dilə gətirməsi Yunanıstana bir növ xatırlatma idi ki, yəni edəcəyiniz varsa, edəcəyimiz də var, siz yerinizi, həddinizi bilin və Azərbaycana qarşı hansısa bloklarda yer almayın. Ümid etmək istərdik ki, Yunanıstan bundan nəticə çıxaracaq. Çıxarmasa belə, bu bizi ciddi şəkildə narahat etmir. Çünki Azərbaycan yetərincə güclü bir dövlətdir. İstər Yunanıstan olsun, istərsə də, onun dəstək verdiyi Ermənistan olsun, eləcə də Fransa olsun, yaxud da ki, Hindistan, biz bu dövlətlərin cavabını gərəkli şəkildə, gərəkli platformalarda veririk, verməyə də davam edəcəyik. Ümumilikdə, Azərbaycan prezidentinin bu çıxışı bir daha Azərbaycan dövlətinin mövqelərinin qəti və aydın şəkildə ifadəsi oldu".