Azərbaycan və Rusiya arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb-Elçin Xalidbəyli- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri indiki mərhələdə həddindən artıq böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan və Rusiya arasında münasibətlər hazırda ən yüksək səviyyədədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Azərbaycanın siyasi rəhbərliyi və Rusiya siyasi rəhbərliyi arasında olduqca yaxın münasibətlər var. İki ölkənin siyasi dairələri ən çətin problemlərin həllində belə anlaşmağı bacarırlar. Buna misal olaraq Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasını göstərmək olar. Çünki bir çoxları gözləyirdilər ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması Azərbaycan və Rusiya arasındakı münasibətləri gərginləşdirər. Ancaq bu baş vermədi. Hər iki tərəf anlaşdı və Rusiya sülhməramlı qüvvələri iki dövlətin münasibətlərində hər hansı bir problemlərə səbəb olmadan çıxarılmış oldu. Bu onu göstərir ki, Rusiya siyasi rəhbərliyi və Azərbaycanın siyasi rəhbərliyi anlaşma içərisindədir. Ümumi problemlərin həllində bir-birinin maraqlarına həssas yanaşırlar. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti ilə bağlı Moskva bəyannaməsi imzalanıb. Bu sənəd hazırda işlək vəziyyətdədir. Azərbaycan Prezidentinin Rusiyaya səfəri bir daha göstərir ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb. Bu, əslində Qərbə önəmli bir mesajdır. Çünki ABŞ-Aİ-Ermənistan arasında keçiriləm Brüssel ortaq konfransı faktiki olaraq Rusiya və Azərbaycana qarşı yönəlmişdi. Brüssel konfransı faktiki olaraq geopolitik təxribatdır. Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artırılmasına hədəflənib. Yeni müharibənin baş verməsinə səbəb ola biləcək addımların atılmasını nəzərdə tuturdu. Azərbaycan Prezidentinin Rusiyaya səfəri onu göstərir ki, Azərbaycan və Rusiya Cənubi Qafqazda hərbi-siyasi gərginliyin törədilməsinə yönəlik cəhdləri ortaq şəkildə bloklamaq niyyətindədilər. Bu, Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyır. Düşünmək olar ki, Azərbaycan liderinin Moskva səfəri Cənubi Qafqazın gələcək taleyi baxımından da böyük əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31